niye-xosbext-ola-bilmirik

Niyə xoşbəxt ola bilmirik?

“Xoşbəxtliyin arxasınca qaçma, o, sənin özündədir” (Pifaqor)

Biz hamımız xoşbəxt olmaq istəyir və bunun üçün bir çox yollara əl atırıq. Xoşbəxtlik hansısa xarici obyekt və ya subyektə, qısamüddətli prosesə söykənirsə, burada davamlı xoşbəxtlikdən söhbət gedə bilməz. Bunun üçün xoşbəxtliyi daxilimizdə formalaşdırmalıyıq. 
Həyatımızın bütün dönəmlərində kədər, üzüntü, stres daim mövcud olacaqdır, biz bunların hamısı ilə mütləq rastlaşacağıq. Bu da xoşbəxtlik hissimizin zaman-zaman azalıb-artmasına səbəb olur. Etməli olduğumuz şey, qarşılaşdığımız problem və ya çətinliyi aradan qaldırmaq üçün həll yolları axtarmaqdır. Başqa sözlə desək, problemin bizi üstələməsinə imkan verməməliyik. Problem daha kiçik və ya bizim üçün çox böyük məsələ halında ola bilər. Bu zaman problemi daha kiçik hissələrə ayırıb həll etmək daha effektiv olacaqdır. 

Mütəxəssislər qeyd edir ki, xoşbəxt olmağın fiziki (qısamüddətli xarici amillər) və psixoloji (qalıcı daxili proseslər) cəhətdən bir çox metodları vardır. Daha xoşbəxt olmaq üçün fiziki olaraq nələr edə bilərik?
-    Daimi şəkildə idman etmək;
-    Keyfiyyətli yuxu;
-    Yaxşı qidalanma;
-    Yeni şeylər sınamaq;
-    Hobbilərlə məşğul olmaq;
-    Səyahətə çıxmaq və s.

Qısamüddətli xoşbəxtlik metodlarını həyata keçirmək daha asandır, nəinki davamlı xoşbəxtlik metodlarını. Nə qədər çətin görünsə də davamlı xoşbəxtliyə yetişmək üçün “pis vərdişlərimizdən” imtina etməliyik. Çünki davamlı xoşbəxtlik metodları bizim üçün yaxşı vərdiş yaxud asılılıq kimi bir şeydir. Bu mövzuda işlədəcəyimiz “vərdiş” sözü gündəlik həyatda işlətdiyimiz “vərdiş” anlayışından fərqlənir. İndi isə bu vərdişlərin nələrdən ibarət  olduğuna baxaq.

Xoşbətliyinizin başqalarının əlində olmasına imkan verməyin.
Əgər sizi kiminsə idarə etdiyini, xoşbəxtliyinizin hər hansısa şəxsin əlində olduğunu düşünürsünüzsə, xoşbəxt hiss etmək çox çətin olacaqdır. Hazırki və gələcək həyatınız üçün verilən qərar siz yox, başqası tərəfindən verilərsə və zamanla bunu dərk edib təkcə xoşbəxtlikdən  məhrum olmaq hissi ilə üzləşməyib, həm də “kaş bu məsələdə özüm qərar verərdim, bəlkə o zaman xoşbəxt olardım” deyə peşmanlıq hissi də yaşayacaqsınız. Bu zaman xatırlamalısınız ki, həyatınızı idarə edəcək yeganə şəxs sizsiniz.  Sizi xoşbəxt edəcək şeyləri ancaq siz bilə bilərsiniz.

Daim müsbət fikirdə olmağa çalışın
Həyat həmişə 4x4 olacaq deyə bir şey yoxdur. Xoşbəxt saydığınız insanların da sizin kimi gün ərzində 24 saatları var. Xoşbəxt insanlar vaxtlarını idarəli istifadə edir, həmçinin bu zaman ərzində şikayət etmək yerinə minnətdar olmaları lazım olan şeylər haqqında düşünürlər. Problemləri həll etmə yolları axtarıb onlardan qurtulurlar. Əgər pis şey düşünürsünüzsə, pis hadisələr olacağını gözləyirsinizsə, bunu yaşamaq ehtimalınız daha yüksək olacaqdır. Bədbin düşüncələrin irrasional olduğunu düşünmədiyiniz müddətcə onlardan qurtula bilməyiniz çətinləşəcəkdir. Özünüzü faktlara baxmağa məcbur etsəniz, hər şeyin göründüyü qədər pis olmadığının fərqinə varacaqsınız.

Pessimist insanlardan uzaq olun
David Randın dediyi kimi “xoşbəxtlik və bədbəxtlik hissi yoluxucudur”. Neqativ, hadisələrə pessimist yanaşan insanlarla birlikdə olsanız bir müddət sonra bu prosesin sizin həyatınıza yansıdığını müşahidə edəcəksiniz. Çünki neqativ düşünənlər danışdığı problemləri həll etməyə səy göstərməyən, əksinə daim şikayətlənən insanlardır. Onlar nisbətən yaxşı hiss etmək üçün daim öz problemlərindən danışıb sizdən dinlənilməyi, daha doğrusu onlara acımağınızı gözləyirlər. Biz isə qırıcı olmamaq üçün özümüzü bir müddət sonra dinləməyə məcbur bir situasiyada tapırıq. Onların pessimist burulğanlarına düşməklə onları etik olaraq dinləmək arasında incə bir xətt vardır. Əgər belə bir dinləyici qismində iştirak edirsinizsə, özünüzdə müəyyən sərhəd müəyyən edərək, sadəcə dinləyici kimi qalıb özünüzü burulğana düşməkdən xilas edə bilərsiniz. Ətrafınıza nə qədər optimist, sizi dəstəkləyən, ilham verən və cəsarətləndirən, şikayət etmək yerinə həll yolları axtaran insanlar toplasanız həyatınız da bu istiqamətdə yol alacaqdır.

Həyatınızı başqaları ilə müqayisə etməyin
Texnologiyanın inkişafının pik həddə olduğu dönəmdə yaşamağımızın bir başqa mənfi tərəfi də sosial şəbəkələrdə izlədiyimiz insanların həyatları ilə öz həyatımızı müqayisə etməyimizdir. Bu barədə Kopenhagen Xoşbəxtlik Araşdırma İnstitutu (Copenhagen Happiness Research Institute) feyzbuk eksperimenti həyata keçirib. Eksperimentə qoşulanların yarısı sosial şəbəkədən normalda olduğu kimi istifadə etdiyi halda, digər yarısı bir həftə ərzində sosial şəbəkədən tamamilə uzaq qalıb. Həftənin sonunda feyzbukdan istifadə etməyənlər fərqinəvarılacaq şəkildə məmnun və düşük səviyyədə üzgün hiss etdiklərini qeyd etmişlər. Ümumiyyətlə təkcə feyzbuk deyil, digər sosial şəbəkələr haqqında da bilməli olduğumuz şey odur ki, bu platformalar nadir hallarda gerçəyi əks etdirir. Bu o demək deyil ki, siz sosial şəbəkə istifadənizi dayandırmalısınız. Sadəcə daha çox nəsə öyrənəbiləcəyiniz şəkildə istifadə etsəniz, daha yaxşı olar.

Sizi xoşbəxt və bədbin hiss etdirən hadisələri yazın
Haraya yazmalı olduğunuza siz qərar verin. Üzərindən müəyyən müddət  keçdikdən sonra yenidən oxuyun. Bu xoşbəxtliyinizi ifadə edən yazıdırsa, siz yenidən o hissləri xatırlayıb pozitiv hiss edəcəksiniz, bədbinliyinizi əks etdirən yazıdırsa, o dönəmdə üzülmənizə səbəb olan hissin artıq o qədər də önəmli olmadığını anlayacaqsınız. Növbəti dəfə bu hal yaşansa daha normal qarşılayacaqsınız.
Son olaraq bədbin hiss etdiyiniz zaman düşünün ki, həyat pis deyil. Pis olan bədbin hiss etdiyiniz o gün, saat və ya dəqiqədir. Hər gününüzü daha xoş yaşamağa çalışın. Həyat üzüntüləri yaşamaq üçün çox qısadır. Özünüzü xoşbəxt edin!

Uğurlar!