onlayn-goruslerin-effektivliyini-nece-artirmaq-olar

Onlayn görüşlərin effektivliyini necə artırmaq olar?

Uzaqdan işləmək rahat və məhsuldar ola bilər, ancaq xüsusilə onlayn görüşlər yorucu ola bilir. Pandemiya müddətində hər birimizin Zoom görüş təcrübəsi oldu. İnterneti zəif olan komanda yoldaşı, arxa planda müxtəlif səslər gələn görüş iştirakçıları və ya hər kəsin eyni anda danışmağa çalışdığı vaxtlarla hər birimiz qarşılaşdıq.

Başqa çətinliklər də var. Forbes-ə görə:

  • İşçilərin 40% -i video zənglərdən zehni yorğunluq keçirirlər.
  • İşçilərin 52% -i fon səs-küyünün və ya keyfiyyətsiz səsin diqqətini yayındırdığını qeyd edib.
  • İşçilərin 38% -i bir həftəlik virtual görüşlərdən sonra özünü yorğun hiss etdiyiniz, 30% -i isə stresli hiss etdiyini deyib.

Zoom yorğunluğu realdır. Onlayn görüşlərinizi məhsuldar bir ritmə çevirə bilmirsinizsə, vaxt itirməyiniz və komandanızı yormaq riskiniz var. Getdikcə daha çox müəssisə uzaq məsafədən işləmə modelini tətbiq etməyə başlayır və bunu növbəti mərhələ üçün nəzərə almağınız vacibdir.

Sizin və komandanızın onlayn görüşlərinin uğurlu keçməsi üçün dörd üsulu dəyərləndirək:

Neytral bir yer tapın. Ətrafınızdakı əşyalara diqqət yetirin. Xüsusi bir ofisiniz yoxdursa, fonda çirkli qablar və ya dağınıqlıq görüntüsü görüş iştirakçılarını vizual olaraq yayındıra bilər. Videoda görünəcək hər şeyi yığışdırdığınızdan əmin olun. Səliqəli bir yer başqalarının diqqətini yayındırmağa imkan verməyəcək.  

Fondakı səs-küyü minimuma endirin. Bunu etmək çətin ola bilər, çünki ətrafınızdakı bütün səslərə nəzarət edə bilməzsiniz. Ancaq bu səsləri minimuma endirmək üçün video konfrans müddətində evinizdə və ya iş yerinizdə başqalarından kömək istəyə bilərsiniz. Bu mümkün deyilsə, danışmadığınız zaman Zoom profilinizi səssizə aldığınızdan və bildirişləri söndürdüyünüzdən əmin olun.

Görüşlərin sayını və müddətini məhdudlaşdırın. Daha yaxşı görüşlər üçün vacib bir addımlardan biri görüşün lazım olub-olmamasına qərar verməkdir. Əksər görüşlərə ehtiyac olmur. Təəssüf ki, video texnologiyası sadəcə bir linki vurmaq asan olduğu üçün görüşlər keçirməyi daha da cazibədar edir. Bu da Zoom yorğunluğunun əsas səbəblərindən biridir. Əslində bir araşdırma insanların uzaqdan iş rejimə keçdiyi zaman görüşlərin sayının 13% artdığını göstərdi. Bu tələyə düşməyin. Bir görüşə ehtiyacınız olduqda onun müddətini məhdudlaşdırın. Müzakirəsi uzun çəkən və fikir mübadiləsinin həddən çox olduğu görüşlərdən çəkinin.

İstədiyiniz nəticəyə çatdığınız zaman görüşü dayandırın. Planlaşdırılan vaxtdan əvvəl istədiyiniz nəticəyə çatmısınızsa, görüşü bitirin. Bu vaxtı doldurmaq üçün başqa iş axtarmayın. Görüşün sonunda kiçik söhbətlərdə diqqətli olun. Bəzi söhbətlər əlaqələri gücləndirsə də, uzandığı təqdirdə dəyərini itirə bilər və bu da iştirakçıların narahat hiss etməsinə gətirib çıxara bilər.

Stress və yorğunluq olmadan yaxşı ünsiyyət qurmaq və məhsuldarlığı yüksək onlayn görüşlər keçirmək mümkündür. Sadəcə bəzi nüansları nəzərə almaq həmin görüşləri daha effektiv edə bilər.