Opera və teatr sənətində müasir tendensiyalar
Azərbaycan Dövlət Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru Əyyub Quliyev ilə birlikdə opera sənətində olan dinamika və müasir tendensiyaların inkişafını analiz edərək, yaxın gələcəkdə bu sahədə bizi nə gözlədiyini düşünəcəyik. Həmçinin biz Azərbaycan və dünya operasının tarixi və inkişafından, opera sənətinin birinci və ikinci avanqard dalğasından, Andreas Neyfeld və Andrey Joldak kimi novator rejissorlar haqqında danışacayıq.
Tədbir çərçivəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Əməkdar artist Fəridə Məmmədova və Müslim Maqomayev adına VI Beynəlxalq vokalistlər konkursunun finalisti Mahirə Tağızadənin ifalarında tanınmış əsərlərdən fraqmentlər səslənəcək.
Azərbaycanın Əməkdar artisti Əyyub Quliyev öz dövrünün tənqidçiləri tərəfindən ən çox müsbət rəy alan dirijordur. O, klassik macar musiqisinin Azərbaycanda təbliğ olunmasındakı xidmətlərə görə Macarıstanın ən yüksək dövlət mükafatı – "Qızıl xaç" ordeni ilə təltif olunub. Əyyub Quliyev, həmçinin pedaqoji fəaliyyət də göstərir: o, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Dirijorluq”kafedrasının dosentidir.
13 iyun, 19:00
Dil: Azərbaycan
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
İştirak sərbəstdir