orxan-memmedov-kob-larin-satis-bazarlarina-cixis-imkanlarinin-genislendirilmesi-ucun-kobia-yeni-mexanizm-uzerinde-isleyir--

Orxan Məmmədov: KOB-ların satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi üçün KOBİA yeni mexanizm üzərində işləyir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun Fins.az-a müsahibəsini təqdim edirik.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlıq subyektlərinə bir sıra dəstək və xidmətlər göstərilir. Belə dəstək alətlərindən biri də daxili bazar araşdırması mexanizmidir. Agentlik tərəfindən indiyədək hansı sahələrdə daxili bazar araşdırması aparılıb?

Sahibkarların, xüsusilə də mikro, kiçik və orta biznes (KOB) subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması üçün daxili bazar araşdırmasının aparılmasına dövlət dəstəyi göstərilir. Bu dəstək KOBİA tərəfindən təmin edilir. Belə ki, Agentlik tərəfindən daxili bazar araşdırmasının aparılması üçün KOB-lara informasiya və maliyyə dəstəyi göstərilir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər. Ümumilikdə hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektlərinə ödənilən dəstək məbləği 20 min manata qədərdir. KOB subyektləri ehtiyaclarına uyğun daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını doldurmaqla Agentliyə birbaşa və ya elektron formada müraciət edə bilərlər.

İndiyədək sahibkarların müraciəti əsasında iqtisadiyyatın müxtəlif sahələri üzrə 12 daxili bazar araşdırması aparılaraq nəticələri hesabat şəklində onlara təqdim edilib. Daxili bazar araşdırması mexanizmindən faydalanmış sahibkarlıq subyektləri tərəfindən Bakı şəhərində ağıllı ev və bina avtomatlaşdırması sahəsində istifadə olunan avadanlıqların, Mingəçevir şəhərində isə termal kağız və yapışqan stiker kağızların istehsalına başlanılıb. Hazırda sahibkarların müraciəti, KOBİA-nın sifarişi əsasında məsləhətçi şirkətlər tərəfindən daha 4 sahə üzrə daxili bazar araşdırması aparılmaqdadır.

Sahibkarların müraciəti əsasında aparılan bazar araşdırmaları ilə yanaşı, KOBİA-nın təşəbbüsü ilə də daxili bazar araşdırmaları həyata keçirilir. Bugünədək optik eynəklər, boya, daşınar soyuducu anbarlar, tekstil fabriki, məişət tullantıları konteynerləri, reklam vasitələri, avtokimya xidməti və məhsulları, özəl və korporativ geyimlər, minik və yük avtomobillərində yağdəyişmə sahələrində 9 daxili bazar araşdırması aparılıb. Sahibkarlar Agentliyin təşəbbüsü ilə həyata keçirilmiş bazar araşdırmaları ilə KOBİA-nın www.smb.gov.az saytından tanış ola və bu araşdırmalardan yeni biznesin qurulması, fəaliyyətlərini genişləndirmək, yeni məhsul istehsalı üçün istifadə edə bilərlər.