oz-fobiyalarimizdan-xeberdariq-mi-gelin-arasdiraq

Öz fobiyalarımızdan xəbərdarıq mı? Gəlin araşdıraq!

   Ümumiyyətlə xaricdən gələn təhlükələrə emosional reaksiyamıza qorxu deyilir. Bizim mövcud fobiyalarımız da hiss etdiyimiz qorxuların bir versiyasıdır. Fobiya, insanın gündəlik həyatına mənfi təsir göstərən bir vəziyyətdən qorxmaqdır ki, bu da öz növbəsində  insanlarda rast gəlinən narahatlıq pozğunluqlarıdır. 
Əksər hallarda peşəkar mühit dedikdə diqqətdən yayınmış meyarlardan biri də fobiyalardır. Fobiyaların mövcudluğu normaldır, sadəcə onu aşkar etmək və iş mühitinə təsirini anlamaq mütləqdir.
  "Mən bacarmaram", " Qorxuram"
Bəzən cəsarətli addımlar atmaqdan çəkinirik. Düşünürük ki, bacarmayacağıq , alınmayacaq.                                               

Bütün bunların arxasında duran səbəblərdən biri fobiyalardır. Fobiya obyekt, şəxs, fəaliyyət, mühit və ya vəziyyətdən həddən artıq və idarəolunmaz bir qorxudur. Nümunə olaraq Nomofobiyanı göstərmək olar. Bu fobiya növü  telefonun olmaması qorxusu deyilən bir fobiyadır ki, bu gün fobianın ən çox yayılan formasından biridir. Bu fobiyası olan insanlar telefonsuz çölə çıxdıqda özlərini əsəbi  hiss edə bilər və bu vəziyyətdən çox qorxurlar.
Fobiyası olan insanlar reaksiyalarını idarə etməkdə çətinlik çəkirlər. İnsanlar normal olaraq gününü korlaya biləcək, özü üçün təhlükə hesab etdiyi vəziyyətlərdən qaçmağa çalışır və bunu qorxu kimi şüuraltına daxil edir. Əgər qorxu nəzarətdən çıxarsa, insan rahatlaya bilmir və təşviş artaraq narahatlığa çevrilir. Bu isə insanların həyatına olduqca mənfi təsir edir. Fobiyalar daha çox qadınlarda müşahidə olunur. Digər bir nümunə Xronofobiyanı göstərə bilərik ki, bu da zaman anlayışından və ya zamanın tərəqqisindən qorxmaqdır və s. 

Sosial fobiya nədir? 

   İnsan sosial varlıqdır. Daima cəmiyyətdə digər insanlarla ünsiyyətdə olur, inkişaf edir. Bəzi insanlar ünsiyyət qurduqları zaman özlərini olduqca narahat hiss edirlər. Onlar başqaları tərəfindən pis qəbul olunmaqdan, bəyənilməməkdən qorxurlar. Bütün bunlar isə şəxsin sosiallaşmasına ciddi mənada mənfi təsir göstərir. 
Yeniyetməlik yaşlarından başlayan bu fobiya aradan qaldırılmadıqda olduqca ciddi problemlər yaradır. Sosial fobiyası olan insanlarla ünsiyyət zamanı onlarda üz qızarma, ürəkdöyünmə, tərləmə,boğulma kimi əlamətlər müşahidə olunur. 

Bəs sizin də sosial fobiyanız varmı?
• Ünsiyyətdən qaçırsınız?
• Çıxış etmək sizə qorxulu gəlir?
• Səhv etməkdən çəkinirsiniz?

Fobiyalardan necə qurtulmaq olar?

   Fobiyalar ciddi dərəcədə şəxsin həyatına təsir edirsə, mütəxəssisdən yardım almaq məsləhətdir. Fobiyalara qarşı psixoterapiyada ən çox “koqnitiv” davranış terapiyasına üstünlük verilir. Bu müalicə zamanı şəxs mərhələli olaraq qorxduğu obyektə məruz buraxılır və ortaya çıxan fikirlər korreksiya olunmağa çalışılır. Əgər vəziyyət ciddi olarsa dərman müalicəsindən istifadə olunur.
Hər bir halda önəmli olan məsələni analiz  etmək və idarə edə bilmək üçün öz üsulunu seçməkdir ki, iş prosesində bu və digər səbəblər maneə törətməsin.

Uğurlar!!!