ozunu-teqdimat

Özünü təqdimat

Özünü təqdim etməyi bacarmaq istər iş həyatında istərsə də gündəlik həyatda  önəmli məsələlərdən biridir. Bir çox hallarda insanlar özünü doğru təqdim edə bilmədiyinə  görə müəyyən problemlər yaşayır, arxa planda qalırlar.


  İnsanların qarşılaşdığı əsas problem yeni tanışlıqlar zamanı iki-üç cümlədən sonra özüylə bağlı məlumatların ardını gətirə bilməməkdir. Doğru şəkildə təqdimat  üçün öncəliklə özünüzü bir “məsul” olaraq görməli və bu “məhsulun”  doğru təqdimata ehtiyacı olduğunu anlamalısız. Təsadüf deyil ki, ingilis dilində özünü təqdimata “self promotion” (özünü reklam) deyilir. Başqa sözlə buna şəxsin qısa hekayəsi kimi də baxa bilərik.
 Cəmiyyətdə böyük əksəriyyət özünü təqdim etməkdən qorxur və ya özü haqqında bir-iki cümlədən artıq danışmağı etik olaraq yanlış olduğunu düşünür. Bir çox hallarda özüylə bağlı geniş məlumat verdikdə narsist biri kimi görünəcəyini düşünərək pis hiss edir. Başlanğıç olaraq bu kompleksdən qurtulmaq lazımdır.
Özünü təqdimat niyə önəmlidir? 
İstər dünyanın ən yaxşı universitetlərində təhsil alın, istərsə də şəxsi inkişafınız üçün yüzlərlə təlim-seminarlarda iştirak edib, yüzlərlə kitab oxumuş olun fərq etmir.  İş görüşməsi və ya yeni tanışlıqlar zamanı özünüzü doğru şəkildə təqdim edə bilmirsizsə hamısı kölgədə qalır.
  İlk tanışlıqlar zamanı söylənilən hər cümlə sizinlə bağlı qarşı tərəfə müəyyən məlumat ötürür. Bacarıqlarınız, maraqlarınız və gördüyünüz işlər  haqqında  danışa bilməmək, bir-biri ilə əlaqəsiz cümlələr eləcə də yanlış kommunikasiya əsas problemlərdir.Bununla özünüz də istəmədən  haqqınızda fərqli fikir formalaşdıra bilərsiz. Eləcə də doğru özünü təqdimat sizinlə eyni anda hər hansı iş üçün rəqabətdə olan onlarla insanın içindən  seçilməyinizə səbəb ola bilər. Özünü təqdimat karyerada uğurlu olmanın təməlidir və mütləq olaraq gərəklidir.

Özümüzü doğru şəkildə necə təqdim edə bilərik?
Öncəliklə bunu qeyd etmək lazımdır ki, nə dediyimiz qədər necə dediyimiz də önəmlidir. 
Biriylə yeni tanışlıq zamanı özünə inamlı və rahat duruş,  göz təması qurmaq və səmimi bir gülümsəmə ilk mərhələdir. Sizi yeni tanıyan biri üçün mümkün ola biləcək ilkin xoş təəssürat yaratmağın açarıdır.
Yeni  qrupa daxil olarkən, iş müsahibəsi və ya sizin getdiyiniz iş  görüşməsi zamanı  özünü təqdim etmə rolu sizdə olur. Ancaq, sosial tanışlıqlar zamanı  özünü təqdimat qarşınızdakı insanın danışdıqları ilə paralel olaraq irəliləməlidir.  Ümumiyyətlə gündəlik həyatda olan istənilən danışıqlar zamanı çalışmaq lazımdır danışma və dinləmə yarı yarı olsun. 
Bəs sual yaranır  “Özümlə bağlı nə danışmalıyam?”  
Təbii ki, müəyyən bir çıxış hazırlayıb hər salamlaşmadan sonra bu nitqi əzbərə söyləmək rahat bir variant olaraq görünsə də, effektiv bir metod olduğunu deyə bilmərik. Dəqiq bir nitq hazırlanmasa da,  mühitə uyğun olaraq strukturlu bir özünü təqdimat forması  müəyyən edilməlidir. İş müsahibələrinin əvəzedilməz  “Özünüz haqqında məlumat verə bilərsiz ? ” sualı qarşısında adınızı, soyadınızı və təvəllüdünüzü  deyib susmaq uğursuz müsahibənin başlanğıcıdır. 
Qayıdaq yuxarıdakı sualımıza “Özümlə bağlı nə danışmalıyam?”  Bunu sadə formada üç sual əsasında müəyyən edə bilərik. Mən kiməm? Mən nələr etmişəm? Mən hazırda nələr edirəm?  Bu üç sualı sıra ilə izah edək:
1.    Mən kiməm? 
Burada qeyd edilməli şey  Şəxsiyyət Vəsiqənizdə yazılan məlumatlardan daha geniş olmalıdır.  Siz özünüzü necə açıqlayırsız? Təbiət şəkilləri çəkməyi sevən fotoqraf, azyaşlı uşaqlarla işləyən psixoloq  və  ya olduğu komandada satışı iki dəfə artıran satış təmsilçisi. Bu açıqlamalar hər kəs üçün fərqlidir və müxtəlif şəraitlərdə  özünü təqdim etmə fərqli ola bilər. Siz də özünüzü ən doğru ifadə edən açıqlamaları müəyyən etməlisiz. Çalışmaq lazımdır ki, bu açıqlama azı iki-üç cümlə olsun və   sizinlə bağlı qarşı tərəfdə  müəyyən  təsəvvür formalaşdırsın.              

2.Mən nələr etmişəm?
Yuxarıda qeyd etdiyimiz açıqlamanın ardınca gələn cümlələr. Dediyiniz açıqlamanı möhkəmləndirəcək uğurlarınız, təhsiliniz, inkişaf etdirdiyiniz bacarıqlarınız, həyata keçirdiyiniz layihələriniz, iştirak etdiyiniz klublar və sairə. Bunlar özünü təqdimat nitqinin  gövdəsini təşkil edən hissəsidir. 
Əgər hələ də bunu etməmisizsə  elə indi  kağız, qələm götürüb bunları yazmağa başlayın. İlkin mərhələdə ağlınıza gələn bütün işləri, fəaliyyətləri qeyd edin. Bir növ özünüzə “alət çantası” hazırlayın.Sonra isə,  iş görüşməsinə və ya başqa mühitə uyğun olaraq danışa biləcəklərinizi yazdıqlarınızın arasından seçin. Bunu onsuz da bilirsiz ki, universitetin voleybol komandasında oynamağınızı  satışla  bağlı iş müsahibəsində qeyd etməməyiniz daha yaxşıdır.
  Özünüz haqqında məlumat verərkən indiyə qədər çalışdığınız, vaxt sərf etdiyiniz işləri qeyd etmək qarşınızdakı şəxsdə sizə qarşı olduqca xoş təəssürat yaradacaq.  Boşa vaxt keçirməyi sevməyən və özünü inkişaf etdirməyə meyilli  biri cəmiyyətdə  bir çox insandan daha üstündür.

3.Mən hazırda nələr edirəm?
Özümüzün təqdim edərkən kim olduğumuzu və nələr etdiyimizi dedik,  bəs hazırda nələr edirik? Bu hissədə isə artıq gündəlik həyatda məşğuliyyətlər, özünü inkişaf üçün görülən işlər, gələcəyə yönəlik planlarınız və planlarla bağlı hazırlıqlar qeyd edilməlidir. Həmçinin əgər bir iş müsahibəsindəsizsə  bu hissədə vakansiya üçün gərəkli bacarıqlarla bağlı hazırda görülən işlər də qeyd edilməlidir.   “Nələr etmişəm?” sualı üçün kağız üzərində yazılanlar kimi bu sual ilə bağlı da qeydlər aparılmalıdır. Müxtəlif görüşmələr zamanı  qeyd edilməli şeylər seçilməlidir. Yuxarıda çəkilən misala bənzər olaraq, sizin hazırda dedektiv kitabları  oxumağınız  investisiya üçün müraciət etdiyiniz biri üçün o qədər də maraqlı olmaya bilər. Bunu daha yaxşı anlamaq üçün empatiya bacarığınızı istifadə edə bilərsiz.Özünüzü sizlə söhbət edən inanın yerində təsəvvür edin, siz onun yerində özünüzü dinləsəniz nələri eşitmək istəyərdiniz? Hansı detallar sizin üçün maraqlı olardı?
Özünü təqdimatın strukturu öyrəndikdən sonra əsas məsələ isə məşq etməkdir. Öz hekayənizi hazırlayın,  geriyə qalan bunu səlis şəkildə qarşınızdakına çatdırmaq olacaq.  Doğru özünü təqdimati bacarmaq  bir növ əzələ toplamaq kimidir. Nə qədər vaxt sərf edib hazırlasanız  öz təqdimatınız o qədər güclü və peşəkar olacaq. 
Bir müddət üzərində işləyib, fərqli mühitlər üçün danışıqlar hazırlayın. Səs yazısı  və ya video çəkim ilə məşq edib səhvlərinizi də görə bilərsiz.
 Müəyyən vaxt sonra iş müsahibələrində və ya   yeni tanışlıqlarda nə dərəcə effektiv olduğunu özünü hiss edəcəksiz.