Pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün “EduCamp 2023” düşərgəsinə qeydiyyat başlayır!
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi təşkilatçılığı ilə "Tələbələrin İnkişaf və Əməkdaşlıq Platforması" layihəsi çərçivəsində Quba rayonunda təhsil idarəetməsi və pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün “EduCamp 2023” düşərgəsi təşkil ediləcək.
Düşərgənin keçirilməsində əsas məqsəd peşəkar, çevik və yenilikçi müəllimlərin cəlb edilməsiylə pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin peşəkar təhsil işçisi kimi formalaşmasına dəstək olmaq, onları stimullaşdırmaq və təhsil sahəsində birgə innovativ fəaliyyətlərin layihələndirilməsinə nail olmaqdır.
Düşərgədə kimlər qeydiyyatdan keçə bilər: Ali təhsil müəssisələrinin pedaqoji profilli və əlaqəli ixtisaslarında
- bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələr;
- magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr;
- qeyd edilən ixtisaslar üzrə son 3 il ərzində məzun olmuş şəxslər.
5 günlük düşərgə çərçivəsində tələbələrin asudə vaxtlarının daha səmərəli və faydalı təşkili məqsədilə innovativ vorksoplar, simulyativ sessiyalar, müxtəlif əyləncəli müsabiqə, idman yarışları, intellektual oyun və fəaliyyətlər keçiriləcək.
Məlumat üçün bildirək ki, fevral ayında keçirilməsi nəzərdə tutulan pedaqoji düşərgənin təxirə salınması qiymətləndirmə mərhələsində iştirak edən namizədlərin əksəriyyətinin arzuolunan səviyyədənǝticə göstərməməsi ilə əlaqədardır. Qeyd edilən məqamı nəzərə alaraq, ümumi keyfiyyət göstəricisinin yüksəldilməsi məqsədilə pedaqoji düşərgəyə qeydiyyat prosesi yenidən həyata keçirilir. Düşərgədə iştirak üçün öncədən qeydiyyatdan keçən və imtahanda iştirak edən namizədlər yenidən müraciət edə bilərlər.
Son müraciət tarixi: 5 mart 2023