Peşəkar və Şəxsi həyat arasında balans
"Əgər etdiyiniz tək şey sadəcə işinizdirsə, keyfiyyətli iş görə bilməzsiniz."
Katie Thurms
Günümüzdə insanlar gününün bir çox qismini ancaq işinə sərf edir. Onların peşəkar həyatı vaxtlarının çox hissəsini alır və əksər hallarda peşəkar həyatın çətinlikləri şəxsi həyata yansımış olur. Buna görə də iş və şəxsi həyat arasındakı tarazlığı qorumaq üçün nələr edə biləcəyiniz üzərində durmaq olduqca vacibdir.
Nəzərə alınmalı olan ilk şey balansın nadir hallarda mükəmməl şəkildə 50-50 bölünməsi olacaqdır. Bəzən iş sizdən daha çox şey tələb edəcə, bəzən də ailəniz, hobbiniz, sağlamlığınız və başqa şeylər sizdən diqqət və əlavə vaxt tələb edəcək. Ancaq tarazlıq həmişə bir tərəfin lehinədirsə, deməli siz bu tarazlığı qoruya bilmirsiniz və bununla bağlı müəyyən addımlar atmalısınız:
1. İlk olaraq, işləmə vaxtınızla bağlı dəqiq sərhədlərin olub-olmadığını müəyyənləşdirməlisiniz. Evdə də işlə bağlı mesajlara cavab verirsiniz və ya e-poçtunuzu evdə yoxlayırsınız? Təbii ki, bəzi işlər bunu tələb etdiyi halda bəziləri tələb etmir.
2. Digər bir strategiya yox deyə bilməkdir. Əlavə istəklərə və əlavə vaxta yox deyə bilərsiniz. Sizin üçün nəyin vacib olduğuna siz qərar verməlisiniz. Əlbətdə ki, bütün iş yerləri buna imkan vermir, amma iş yeriniz əsla sizə “yox” deməyə imkan vermirsə, demək ki, ora sizin üçün yaxşı yer deyil.
3. Növbəti addım ehtiyaclarınızı tam ödədiyinizdən əmin olmaqdır. Kifayət qədər yuxuya və yeməyə vaxt ayıra bilirsiniz? Özünüzə, dostlarınız və ailənizlə vaxt keçirə, istirahət edə və zövq aldığınız şeyləri etmək üçün vaxt ayıra bilirsiniz? Həyatınızın və işinizin daha yaxşı bir rutinə ehtiyacı olub-olmadığını düşünün. İşdə uğurlu olmanızın ən yaxşı yolu özünüzü yaxşı hiss etməyinizi təmin etmək və asudə vaxtınızdan bacardığınız qədər həzz almaqdır.
Çox vaxt işə üstünlük vermək sizə daha yaxşı reputasiya və ya bonus kimi müddətli qazanclar qazandırır. Bununla belə, şəxsi həyatınızdakı möhkəm münasibətlər, daha yaxşı sağlamlıq, şəxsi nailiyyətlərinizdən məmnunluq kimi uzunmüddətli faydaları itirmədiyinizə əmin olmalısınız. Hər dəfə deyil, bəzən üstünlüyü işinizə verə bilərsiniz.
Balans yaratmaq heç də həyatınız və işiniz arasında mükəmməl bölünmə yaratmaq demək deyil. Əsas məqsəd bu iki aspekti bir-birindən əlaqəsiz kimi görməkdənsə, bir-birlərini tamamlayan və dəstək olan tərəflər olaraq qəbul etməkdir.
Nəticə olaraq, iş hər bir kəsin sevərək icra etdiyi və onu maddi resursla təmin edən həyatının bir parçası olmalıdır. Buna görə də iş seçimini düzgün aparmalı, sevdiyimiz işi görməli və ya gördüyümüz işi sevməyi öyrənməliyik.
Bu yolda Hər kəsə Uğurlar!!!