progro-zaqatala-merkezinin-novbeti-qonagi-zaqatala-vekil-burosunun-uzvu-tural-isayev-oldu--

PROGRO Zaqatala mərkəzinin növbəti qonağı “Zaqatala Vəkil Bürosu”nun üzvü Tural İsayev oldu

            11 fevral tarixində PROGRO Zaqatala mərkəzinin qonağı “Zaqatala Vəkil Bürosu”nun üzvü Tural İsayev oldu.

            Görüş zamanı Tural bəy əmək qanunvericiliyinin əsasları haqqında danışdı. Əmək müqaviləsinin bağlanması və xitam verilməsi şərtləri haqqında ətraflı məlumat verən Tural bəy qeyd etdi ki, “İşçilərin mənafeyinin qorunması üçün əmək müqaviləsinin bağlanması çox vacibdir və 15 yaşına çatmış hər bir şəxslə əmək müqaviləsi bağlana bilər. Əmək müqaviləsinə qanunda göstərilən istisna hallar baş verməzsə işçidən xəbərsiz xitam verilə bilməz. Eyni zamanda qanunvericiliyə əsasən işçi də işdən çıxma istəyi ilə bağlı ən azı bir ay əvvəl müəssisəni məlumatlandırmalıdır. Ancaq istisna hallarda işçinin təcili müqaviləyə xitam verilmə tələbi ola bilər”.

            Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, gündəlik normal iş saatının səkkiz saat olduğunu vurğulayan Tural bəy, iş mühitində müddətdən artıq işləmə hallarının olduğunu da vurğuladı və bu kimi hallarda işçinin haqqını tələb etmək üçün mümkün olan tədbirlər haqqında gəncləri məlumatlandırdı. Həmçinin işə qəbul zamanı sınaq müddətinin verilməsi, əmək məzuniyyəti kimi məsələlər ətrafında da danışdı və gənclərin suallarını cavablandırdı.

          Tural bəyə komandamız adından təşəkkür edir, işlərində uğurlar arzulayırıq.