real-meqsedler-qoymagin-onemi

REAL Məqsədlər qoymağın önəmi

“Aya çatmaq uğrunda çalış, çatmasan da ulduzlara qədər çıxmış olacaqsan”


Bu ifadə qeyri-real səslənsə də, reallığı əks etdirir. 
Daima özünü limitlərdən, sərhədlərdən kənar görüb, yalnız yüksək hədəfə köklənmək əladır. Lakin böyük məqsədlərə çatmaq üçün effektiv planlama daha önəmlidir. Başqa sözlə desək, yüksək məqsədlər böyük əmək tələb edir və planlanan addımlar nə qədər real olsa, həyata keçmə ehtimalı da artar. 
Məhz bu mərhələdə çətinlik yaşayırsansa, bərabər 5 qızıl qaydaya nəzər salaq.

1.    Öz Gücünü Düzgün Qiymətləndir
Biz daima özünü təhlilin mövzusuna toxunaraq, hər şeyin öz analizdən başladığını vurğulayırıq. Həqiqətən də, öz bacarıq, imkan və potensialını bilib, zəif nöqtələr üzərində çalışan şəxslərdə real məqsəd təyin edib, qısa müddətdə səmərəli icra prosesi daha asan baş verir. Lakin öz təhlilsiz fiziki və ya mənəvi olaraq edə bilməyəcəyin işləri boynuna götürsən, məqsədə çatmamaqla yanaşı özgüvənin də sarsılacaq. 
Hazırda insanlarda özünə inam böhranı onsuz da var. 2021-ci ildə aparılmış tədqiqat göstərdi ki, qadınların əksəriyyəti (62%) və kişilərin yarısı özlərini ağıllı, bacarıqlı və cəlb edici hesab etmirlər. Təəccüblüdür, amma 60% - dən çoxu bizim işimizin öhdəsindən yaxşı gəldiyimizə inanmırlar. Bundan əlavə, aşağı heysiyyət depressiya, narahatlıq və hətta intihar riskinin artmasına gətirib çıxara bilir. Bu səbəbdən ilk məsləhətimiz, öz gücünü bilib, ona uyğun səmərəli məqsəd təyin etməyindir. 


2.    Motivasiya Artımı
Məqsədlər nə qədər real olsa, icrasındakı uğurlar daha tez baş verər, bu da motivasiya artımına bilavasitə səbəb olacaq. Motivasiya nə qədər yüksəkdirsə, məqsəd uğrunda daha çox işlər görəcəksən. Bu çarx real məqsəd təyinin məhsuludur. 
Xüsusilə çətin zamanlarda işləmək üçün lazım olan hədəflərin mövcudluğu həm işinizdə, həm də şəxsi məqsədlər baxımından konsentrasiyanı və motivasiyanı saxlamağa kömək edə bilər.


3.    Kiçik addımların gücü
Moskva bir günə tikilmədiyi kimi böyük hədəflər də ilk addımlarda reallaşmayacaq. Bu reallığı nə qədər tez anlasan, bir o qədər tez, mikro məqsədlərə keçid alacaqsan. Kiçik məqsədlərin faydası kifayət qədər çoxdur. 
-    İlk növbədə sonda qoyduğun əsas məqsədə gedən yolda atdığın xırda, tez reallaşan addımlardır. 
-    Səhvlər olduqda risklər çox deyil, kiçik zərər ilə üzləşirsən. 
-    Uğurları görür, daha çoxunu etməyə həvəs yaradır və s.
Ən çox reallaşdırmaq istədiyin yüksək məqsədə gedən yolda kiçik hədəflər təyin et. Nəticələri qeydə almağı unutma. 


4.    Xoşbəxtlik hissi 
Motivasiyalı olmağın ilə yanaşı gördüyün işin keyfiyyəti, uğurlarından yaranan xoşbəxtlik sənin iş imicinə yaxşı təsir edər, şəxsi brendini müsbət formalaşdırar. Yəni, uzun müddətlik uğursuzluqlar depressiyaya gətirdiyi kimi, xoşbəxtlik hormonu da daha çox uğur və ətrafdakılardan diqqət cəlb edər. 
Bu xoşbəxtlik asılılıq yaradır, pis və yaxşı vərdişlər formalaşdırır. Məsələn, bəzi qadağan edilmiş narkotiklər orqanizmin dopamin sisteminə təsir edərək hərəkət etdirdiyi kimi, uğurları da davamlı yaşamaq ehtiyacı yaradır. 

Uğurlu mikro hədəflər, göründüyü kimi, bizə mükafat hissi verir. 


5.    Real Zamanda Real Hədəflər
Real məqsədlərə çatmaq üçün hər kiçik qoyduğun hədəfə zaman tanı. İcra prosesinə tarix qoyub, ona qədər reallaşdır. Belə olduğu halda nəticələri aydın görə, planlı irəliləyə biləcəksən. Bu metod həqiqətən çox faydalı və tədbiq oluna biləndir. Son tarixə saxlamadan iş icra etmə vərdişi formalaşdırsan peşəkar olaraq inkişaf edə, hədəflərinə addım-addım daha yaxın olacaqsan. 
Bu köməkçi vasitələr sənə real məqsədini təyin edib, yaratdığın plan əsasında irəlləmənə yardım edəcək. Lakin unutma ki, önəmli olan məqsəd, planlama, vaxt qoymaq, bu dəqiqə motivasiyalı olmaqdan deyil, sabah o məqsəd uğrunda gördüyün REAL işlərdir.

Uğurlar !