sahibkari-tap-layihesi-heyata-kecirilir--

“Sahibkarı TAP” layihəsi həyata keçirilir

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sahibkarı TAP” layihəsi KOBSKA tərəfindən həyata keçirilir.

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sahibkarı TAP” layihəsini həyata keçirir. Layihə agentliyin qrant elanı üzrə “müharibə təsirinə məruz qalmış regionlarda iqtisadi inkişaf istiqamətində araşdırma” istiqamətində həyata keçirilir.

Layihənin icrasında əsas məqsəd ölkənin müharibə təsirinə məruz qalmış rayonlarında sahibkarlıq düşüncə tərzinə malik şəxslərinin aşkarlanması və mövcud potensialın dəyərləndirilməsini təşkil etməkdən ibarətdir. Belə ki, həmin rayonlarda əhalinin rifah halının yaxşılaşdırılması, məşğulluğunun artırılması, sahibkarlıq fəaliyyətinə cəlb edilməsi məqsədilə atılacaq addımları düzgün hesablamaq məqsədilə aparılan araşdırma işi sonrakı mərhələdə proseslərdə kompas rolunu oynayacaqdır.

Həmçinin araşdırma nəticələrinə görə sahibkarlıq potensialı yüksək olan bölgələrdə, vətəndaşlarla davamlı işin təşkili və onların inkişafına xidmət edəcək fəaliyyətlərin icrası da layihənin davamlılıq mərhələsində həyata keçiriləcək.

Üç ay müddətində həyata keçirilməsi planlaşdırılan layihə 1 fevral 2022-ci il tarixindən etibarən start götürüb və hazırlıq mərhələsi uğurla yekunlaşıb. Hal-hazırda Gəncə, Bərdə, Tərtər və Ağdam şəhərlərində sorğu və araşdırma işləri davam etdirilir.

Nəticədə 350 nəfər canlı, 10000 nəfərə yaxın vətəndaş isə internet resursları üzərindən sorğuya cəlb olunacaq.

Layihənin icrası nəticəsində əldə olunan nəticələr və tətqiqat prosesinə həsr olunmuş hesabat tədbiri keçiriləcək. Burada aidiyyatı üzrə dövlət qurumları, beynəlxalq təşkilatlar və fondların məsul şəxslərinin iştirakı təmin ediləcək. Mövcud vəziyyət və prespektivlər müzakirə ediləcək.