satici---kassir-ixtisasi-uzre-qisamuddetli-kurslara-qebul-vaxti-uzadilib--

Satıcı - kassir ixtisası üzrə qısamüddətli kurslara qəbul vaxtı uzadılıb

    Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Bazarstore” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı, Sumqayıt və Gəncə şəhərlərində birgə təşkil etdiyi “BACARIQLIOL” Usta yanında öyrənmə  proqramı çərçivəsində satıcı-kassir ixtisası üzrə qısamüddətli ödənişsiz kurslara qəbulun vaxtı uzadılıb.

      12 həftəlik təlim proqramı nəzəri və praktiki dərslərdən ibarət olacaq. Təlim çərçivəsində iştirakçılar ərzaq və qeyri-ərzaq malları üzrə satıcı işinin təşkili, xəzinədar işinin əsasları, əmək təhlükəsizliyi, qida təhlükəsizliyi və sanitariya qaydaları, müştəri özəllikləri və müştəri məmnuniyyəti kimi mövzular üzrə nəzəri, praktiki bilik və bacarıqlar əldə edəcəklər.

      Təlimin nəzəri hissəsi Bakıda İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, Sumqayıtda Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində, Gəncədə isə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində həftədə bir gün, praktiki hissəsi isə həmin şəhərlərdə fəaliyyət göstərən "Bazarstore" MMC-nin mağazalar şəbəkəsində həftənin dörd günü real iş şəraitində həyata keçiriləcək.

      Təlim müddətində iştirakçılar aylıq yol xərci, fərdi qəza sığortası, "Bazarstore" MMC-nin uniforması (xüsusi geyim), həmçinin qida ilə təmin olunacaqlar. Satıcı-kassir ixtisası üzrə kursu müvəffəqiyyətlə tamamlayan iştirakçılar Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dövlət nümunəli sertifikat əldə edəcək və "Bazarstore" MMC-nin mağazalar şəbəkəsində işləmək imkanı qazanacaqlar.

      Təlimdə 18 yaşdan yuxarı fiziki sağlam, əmək qabiliyyətli, öyrənmək və pərakəndə satış sahəsində peşəkar təcrübə qazanmağa maraqlı, həmçinin təlim müddətində heç bir müəsissədə işləməyən və əyani təhsil almayan şəxslər iştirak edə bilər.

      Təlimə keçid  üzərindən onlayn şəkildə qeydiyyatdan keçməklə müraciət edə bilərsiniz. Seçilmiş namizədlər növbəti mərhələdə müsahibəyə dəvət ediləcəklər. Qeydiyyat üçün son tarix 20 sentyabr 2021-ci ildir. Təlimin 1 oktyabr tarixindən başlaması nəzərdə tutulub.