seher-insanisan-ya-gece-

Səhər insanısan, ya gecə ?

       Araşdırmalar göstərir ki, səhər tez oyanan insanlar gecə gec yatan insanlardan fərqlənir. İnsanların təxminən 40% -i səhər insanı, 30% -i gecə insanı ("gecə quşu"), qalanları ara kateqoriyaya uyğun gəlir. Səhər insanları və gecə insanları yuxunun orta nöqtəsi ilə ölçülən iki xronotipdir. Əsl səhər insanları və gecə insanlarının günün müxtəlif vaxtlarında daha məhsuldar və enerjili olmağa meylli olduqları müşahidə olunur.
      Səhər insanları erkən oyanan insanlardır, gecə insanları bunun əksini edirlər. “Gecə quşları” daha erkən yatmaq üçün səy göstərsələr də, səhər insanı ola bilməzlər deyə bir düşüncə var, ancaq araşdırmalar bu xüsusiyyətin yaşa görə dəyişdiyini göstərir. Genlər də yaş kimi bu xüsusiyyətdə böyük rol oynayır: kiçik uşaqlar səhər insanı olmağa, yeniyetmələr gece quşu olmağa (qadınlar üçün 19.5 yaşında, kişilər üçün 21 yaşında), yaşlı insanlar isə səhər insanı olmağa meyllidirlər.
       Araşdırmalar göstərir ki, səhər insanları gecə insanlarından daha xoşbəxt, daha sağlam və həyatdan daha çox məmnundurlar, çünki dünya səhər insanlarının xeyrinə dizayn olunub. Gecə quşları səhər insanlarından daha gec yuxuya gedir. İş, məktəb və uşaqlar günə erkən başladıqları üçün gecə quşları daha az yatır və bu da onlar üçün həyatı çətinləşdirir.
      Müvəffəqiyyətlərinin erkən qalxmalarından qaynaqlandığını iddia edən və "səhər insanı" olmaq üçün məsləhətlər verən insanlar çoxdur, amma realda bu məsələdə fərqli məqamlar var.
      Təbiətimizi dəyişdirmək əvəzinə imkan daxilində vəziyyətimizi və ətrafımızı bizə uyğun olaraq dəyişdirməyə çalışmalıyıq.
       Səhər insanları, gecə quşları və ara kateqoriyaya aid olan hər kəs vərdiş formalaşdırmağa çalışarkən məsələnin bu tərəfini nəzərə almalıdır. Bir gecə quşu erkən oyanmaq vərdişini formalaşdırmağa çalışmamalı, bir səhər insanı isə yeməkdən sonra iki saatlıq yazı yazmağa çalışmamalıdır. Nə vaxt məşq etməli olduğunuzu, nə vaxt yaradıcı iş görəcəyinizi və ya nə vaxt istirahət edəcəyinizi planlaşdıranda xronotipinizi bilmək uğur qazanmaq üçün özünüzü kodlamağa kömək edə bilər.
        Hər kəsin fərqli olduğunu da unutmamaq vacibdir. Önəmli bir müzakirə görüşü planlaşdırırsınızsa, sizin kimi komandadakı hər kəsin səhər 8:30 -da enerjili və yaradıcı olacağını düşünməyin. Qrup 10:30 görüşündə daha məhsuldar ola bilər.
        Bəzən öz xronotipinizi tanımaya bilərsiniz. Ancaq bunu təcrübədən keçirərək və daha məhsuldar olduğunuz vaxtları müşahidə edərək müəyyənləşdirə bilərsiniz. Odur ki, yuxu rejiminizi dəyişərək gec yatdıqda və ya tez oyandıqda necə hiss etdiyinizi, necə işlədiyinizi müəyyənləşdirib, hansı xronotipə aid olduğunuzu dəqiqləşdirin və ona uyğun formada gününüzü, işlərinizi planlayın.  

Uğurlar!