sehvlerin-ohdesinden-nece-gelmek-olar--

Səhvlərin öhdəsindən necə gəlmək olar?

Hər birimiz səhvlər edirik, təbii və qaçılmaz haldır. Lakin bu, dünyada ən normal hal olsa da, bir çoxunun öhdəsindən gəlib, dərs çıxararaq səhvləri daha az etmək mümkündür.

Müvəffəqiyyət və inkişaf aparan yol  bir şeyi başqa formada edən zaman ortaya çıxır. Çox vaxt isə bu yolu tapmaq üçün müəyyən səhvlər və uğursuzluqlar zərüri olur.Bu səhvlər də gələcək uğurları təmin edir. Nə qədər çox səhv etsək, bir o qədər tez öyrənirik.

Beləliklə, səhvlərin öhdəsindən gəlmək və onlardan dərs çıxarmaq üçün bu səkkiz tövsiyəyə nəzər salaq.

 

Səhvləri qəbul edin

İlk addım səhv etdiyinizi və  bunun nəticəsində dünyanın sonunu gəlməyəcəyini qəbul etməkdir. Problemi özünüzlə əlaqələndirməli və bunun baş verdiyini qəbul etməlisiniz. Bunu inkar etmək və ya başqasında günah axtarmaq, bu səhvi düzəltməyinizə və ondan yeni bir şey öyrənməyinizə mane olacaqdır.

Unutmayın: "İnsanın edə biləcəyi ən böyük səhv,səhv etməkdən qorxmaqdır."

 

Səhvləri təhlil edin

Bir səhvi təhlik etmək  böyük uğursuzluqdan daha çox şey öyrədə bilər. Bu, gözlənilməz amilləri, zəiflikləri, işdəki qüsuru və ya seçilən vaxtın pis olduğunu üzə çıxara bilər. Bunları nəzərə almaqla, gələcəkdə eyni vəziyyətlə qarşılaşarkən bu çətinliyi daha yaxşı idarə edə bilərsiniz.

Səhvləri öyrənmə xəzinəsi kimi qəbul edin, çünki səhvi qiymətləndirmək sizin ən yaxşı bacarığınız ola bilər. Əgər nəyin səhv olduğunu anlamaqda çətinlik çəkirsinizsə, başqalarının da fikirlərini soruşa bilərsiniz.

Bəzən səhvi daha yaxşı analiz etmək üçün ona uzaqdan baxmaq gərək olur. Ona görə də ehtiyac hiss etdikdə işinizi saxlayıb, bunun üzərinə düşünməyə vaxt ayırın.

 

Prioritetlərinizi dəyişin

Edilən səhv həmçinin prioritetlərinizi təkrar qiymətləndirməyə və ya dəyişdirməyə vadar edə bilər. Məsələn, ola bilsin, işlərinizi çox yığmısınız, bu da səhvinizə səbəb olub. Təbii ki, mümkün qədər işləri son anlara qədər saxlamamaq daha yaxşı olardı ancaq, artıq gecdirsə işlərinizi ən önəmlidən önəmsizə doğru sıralamanız vacib işlərdə ediləcək səhv ehtimalını azaldacaqdır.

 

Güclü cəhətlərinizi qəbul edin

Özünüzə verməli olduğunuz növbəti sual budur ki, güclü cəhətlərinizi bilirsiz, yoxsa yox?

Çox vaxt edilən səhvlərə səbəb isə bizim üçün uyğun olmayan yolu izləmək olur, çünki işi daha yaxşı bacaracağımız yolları düşünmürük.

Məsələn, bəzi insanlarla kitab oxumaqdansa, vizual vəsaitlərlə və ya praktik yoxlamalarla daha yaxşı öyrənə bilərlər. Enerjimizi yaxşı bacardığımız istiqamətlərə yönəltməli və qabiliyyətlərimizi gücləndirmək üçün onlardan istifadə etməliyik.

 

Qarşınıza qoyduğunuz məqsədlərə aydınlıq gətir

Növbəti addım məqsədinizə aydınlıq gətirməkdir. Hərdən səhvlərə yol veririk, çünki nə istədiyimizdən tam əmin deyilik. Özünə sual vermək lazımdır ki, əslində nə istəyirsən və problem yaradan şey aydın olmayan məqsəddir ya o məqsəd üçün seçilən yol.

Məsələn, arıqlamaq və sağlam olmaq fərqli məqsədlərdir. Qarşıya qoyulan məqsəd nə qədər dəqiq və aydın olarsa səhv etmək ehtimalı da o qədər azalır.

 

Təkrar səhvlərdən uzaq durun

Əgər inkişaf  istəyirsinizsə,  heç bir səhv etməməyə çalışmaq yerinə, hər dəfə fərqli bir şey yoxlamağa çalışmalısınız. Yəni, ikinci tövsiyədə yazılan kimi, səhv etdikdən sonra gələcəkdə ondan necə qaçmaq lazım olduğunu analiz etmək lazımdır. Öyrəndiklərinizi nəzərə alıb doğru nəticə çıxardığınız halda eyni səhvi təkrarlamaq ehtimalı çox azalacaqdır.

"Səhv etmək normaldır, amma eyni səhvi təkrarlamaq səhvdir".

 

Edilən səhv üzərinə təkrar-təkrar düşünməyin

Tək bir səhvdən ilişib qalmamaq olduqca vacibdir. Bəzən bunu uzun müddət təkrar-təkrar edirik. Bu isə bizə elə gəlir ki, vəziyyət düşünüləndən də pisdir, bu böyük bir fəlakətdir. Edilən səhvlərə diqqət etməyib üzərindən keçmək də, həddən artıq onun haqqında düşünmək də enerji itkilərinə səbəb olan hallardır.

Daha yaxşı strategiya onu təhlil etmək, səbəbi tapılmadığı halda kənara qoymaqdır.Bir çox hallarda zaman keçdikdən sonra praktika içində o səhvin səbəbi tam aydın olur.

 

Özünə qarşı mərhəmətli ol.

Səhvin öhdəsindən gəlmək üçün ediləcək ən gərəkli işlərdən biri də onu etdiyiniz üçün özünüzü bağışlamaqdır. Özünü dəyərsiz hiss etdirəcək sərt tənqidlərdən və tənbəl, faydasız, axmaq kimi etiketlərdən uzaq durun. Əgər etdiyiniz səhvi anlamısızsa bu artıq onu təkrar etməyəcəyinizin  zəmanətidir.
 

Əgər belə bir hal ilə qarşılaşsanız, ən yaxın dostunuzun bu səhvi etdiyini təsəvvür edin. Sənin ona qarşı düşüncən nə olardı? Belə sərt tənqid edərdin? Bağışlamaz olardın? Özünüzə qarşı da  eyni mərhəməti formalaşdırın və bu sizə səhvlərin öhdəsindən daha sürətli gəlməyə kömək edəcəkdir.
 

Ümumiyyətlə, səhvlərinizi idarə etməyi öyrənmək həyatı çox daha pozitiv edə bilər və yaxşılığa doğru irəliləməyinizə kömək edər.