seki-zaqatala-iqtisadi-zonasinda-kicik-aile-teserrufatlarinin-inkisafina-destek-layihesi-ugurla-basa-catib--

"Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək" layihəsi uğurla başa çatıb

2 iyul 2021-ci il tarixində Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən “ABAD” publik hüquqi şəxsi ilə birgə icra edilən “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsinin bağlanış tədbiri təşkil edilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Aİ Nümayəndəliyinin Azərbaycandakı rəhbəri səfir Kəstutis Yankauskas, BMTİP-nin Rezident Nümayəndəsi Alessandro Frakassetti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev və “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev iştirak ediblər.

Qonaqlar yerli icmaları dəstəkləmək üçün ailə biznesinə investisiya qoyuluşunun əhəmiyyətini vurğulayıblar.

2017-ci ildən start verilən layihə çərçivəsində 44 kəndli ailəsinə kiçik bizneslərini qurmaq və ya genişləndirmək üçün dəstək verilib. Kiçik ailə təsərrüfatlarına başlanğıc üçün əsas təlimlər təşkil edilib, onlar üçün lazımi resurslar təmin edilib. Sözügedən təlimlər biznesin inkişafı və planlaşdırılması, brendinq və satış, maliyyə uçotu və hüquqi xidmətlər, həmçinin qablaşdırma, qida təhlükəsizliyi, logistika, kommunikasiya və beynəlxalq ticarətin əsasları kimi müxtəlif mövzuları əhatə edib. Təlim kurslarını müvəffəqiyyətlə başa vurduqdan sonra ailələr əsas avadanlıq və təchizat üçün müraciət hüququ qazanıblar.

200 nəfərin birbaşa, 350 nəfərin isə dolayısı olaraq faydalandığı layihədə 44 yeni ailə təsərrüfatından 22-si qadınlar tərəfindən idarə olunur. O cümlədən, 12-si isə məcburi köçkünlər tərəfindən reallaşdırılır. Bu yeni bizneslər qida istehsalından dekorativ sənətkarlığa qədər müxtəlif istiqamətləri əhatə edir. Ailələr tərəfindən hazırlanan bütün məhsullar tezliklə "ABAD" etno-butiklərində və ölkəmizdəki bəzi supermarket şəbəkələrində satış üçün təqdim ediləcək.

Qeyd edilməlidir ki, tədbir çərçivəsində Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində layihə çərçivəsində ərsəyə gələn məhsulların sərgisi keçirilib. Həmçinin, qonaqlar Balakən, Zaqatala və Qaxda yaşayan benefisiar ailələrə səfər edib və onların kiçik təsərrüfatlarının cari vəziyyəti ilə yerində tanış olublar.

“Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi Avropa İttifaqı tərəfindən birbaşa, BMT-nin İnkişaf Proqramı tərəfindən isə qismən maliyyələşdilir. Layihə BMTİP tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  “ABAD” publik hüquqi şəxsi ilə birgə reallaşdırılır.