selis-ve-aydin-danisma-texnikasi

Səlis və aydın danışma texnikası

Səncə motivasiya çıxışları edən natiq və siyasətçilər niyə buna bu qədər zaman və investisiya sərf edir?
Əgər dinləyicilərin səni ciddiyə alması və həqiqətən anlayaraq, dinləməsini istəyirsənsə, nitq zamanı xüsusi diqqət ayırmalı olacağın meyarları bilməlisən. 
Məsələn, özgüvənli çıxışlar daima diqqət və marağa zəmin yaradır, çünki əmin və inamlı nitq etibarlılıq təəssuratı bağışlayır. 
Bəs bunu inkişaf etdirmək olarmı? Təbiki!
İnkişaf pilləsində kömək olacaq 5 əsas meyar aşağıdakı kimidir:

1.  Çıxış zamanı nə deyəcəyinə fokuslan
Təqdimatlara hazırlıq prosesində və ya çıxış zamanı edilən səhvlərdən ən önəmlisi, əsas məqsədə fokuslanmamaqdır. Hər bir təqdimatın nəticə məqsədi olmalıdır ki, proses zamanı ona fokuslana biləsən. Bəzən təqdimata hazırlaşdıqda, yazılı və ya şifahi olaraq ardıcıllıq, ümumi gedişat kimi planlar qurula bilir, lakin real təqdimat zamanı mövzu tamamilə başqa istiqamətdə gedib, çıxır. Belə situasiyadan yayınmaq üçün:
-    Qeydlər götür - istifadə etdiyin təqdimat və vizuallardan əlavə özündə əsas fokuslanmalı olduğun punktları qeyd et. Əsaslandığın yazılı məlumatlar göz önündə olduqca, mövzu dağılmayacaq və məqsədyönlü çıxış etmək inkanın olacaq. 
-    Səs tonundan istifadə - bəzən müəyyən suallar fərqli müzakirələrə aparır, bu zaman səs tonu ilə əsas mövzuya qayıtmaq, aydınlıq gətirmək və təqdimatı yenidən öz əlinə almaq mümkün olacaq. 
-    Mane olan amillər - fokuslanmana mane olan, sənin fikrini yayındıran nə varsa, onu aradan qaldırmağa çalış. Bu hissədə əsas olan, təqdimatının peşəkar keçməsidir ki, bunun qarşısını alacaq amilləri təyin edib, həll etmək lazımdır. 
Bu və digər köməkçi vasitələr ilə fikrini tam şəkildə son məqsədə kökləyib, konkret hansı məlumatları nə üçün paylaşdığını bilməli, fokuslanmalısan. 

2.  Səlis danışığı məşq et
Bəzən çox faydalı məlumatlar məhz nitqdəki problemlər səbəbi ilə dinlənilmir. 
Təməldən natiq olmaq şərt deyil, müəyyən bacarıqları inkişaf etdirdikcə, kifayət qədər səlis və axıcı nitq ilə çıxış edə biləcəksən. Bunun üçün:
-    Güzgü önündə danış - bu məşq prosesi sənə, çıxış zamanı necə göründüyün, jest və mimikaların, eləcə də səs tonunu eşitmənə kömək olacaq. Məkanı nə qədər real təsəvvür etsən, bir o qədər daha inamlı hazırlaşa biləcəksən. 
-    Qeydlər - bəzən yazılı mənbələr çox akademik və ya gündəlik istifadə etdiyin sözlər olmadığından yalnız oxuduqca, xatırlamana səbəb olur. Məhz bu səbəbdən cümlələri özünküləşdirib, sərbəst ifadə edə bilməyin şərtdir. 
-    Pauza - təqdimatını müxtəlif ritmlərdə məşq etdir. Birinci çox asta sürət ilə ötürmək istədiyin məlumatı danış, daha sonra sürətli, lakin aydın təqdim etməyə səy göstər. Mütləq aralarda pauza, önəmli məqamlarda düşünməyə zaman ayırmaq kimi texnikaları unutma. 
Nitqində sənə çətinlik törədən amili tapıb, üzərində işlədikcə, nəticə əldə edə biləcəksən.

 
3.  Dərindən nəfəs al
Əsasən səlis və aydın danışmağın düşməni həyəcan olur. Məlumat çoxluğu bizim tez bir zamanda paylaşıb, stress yaradan mühiti tərk etməmizə sövq verir. Lakin sən bunun qarşısını almalı, həyəcanın səni üstələməsinə şərait yaratmamalısan. 
Çıxışdan öncə sənə kömək olacaq alətləri tap. Məsələn:
-    Nəfəs ritmini tənzimlə- danışığa başlamazdan öncə nəfəs alma/vermə prosesini nizamla. 
-    Köməkçi ifadələr- bəzən spesifik ifadə və qısa sözlərin təkrarı şüur altı refleks formalaşdırır ki, nəticədə rahat olmana yardım edir.
-    Musiqi/qoxular və ya rənglər- özünə aid aləti seçib, sənə kömək olması üçün istifadə et. 
Nəticədə həyəcanlı anlarda necə olduğun və dərindən nəfəs alıb, köməkçi vasitələr ilə daha peşəkar çıxış edə biləcəksən. 

4.  Ucadan oxumaq
Nitqin inkişaf etdirilməsi üçün müxtəlif üsullar vardır. Lakin səlis danışıq üçün təməl, səlis oxumaqdan başlayır. 
Heç zaman oxumadığın, sənə yad mövzuda məqalələr ilə başla. Ucadan oxuyaraq, materialları özünküləşdir. Daha sonra bir müddət bu formalı məşqlərdən sonra hazırlaşdığın təqdimat mövzusunu ucadan oxu. Daha bələd olduğun mövzuda biraz daha əmin və inamlı çıxış edəcəksən. 
Bu praktiki tapşırıq ilə mütləq ki, ifadə etmək və aydın çıxış etmək bacarığını inkişaf etdirə biləcəksən. 

5.  Gülümsəməyi unutma
Mövzu nə qədər ağır, qəliz və ya ciddi olsa da arada gülümsəməyə yer ayır. Nəticədə qarşındakı - insanlardır. Canlı varlıq olaraq, şüuraltı bizə neqativ enerji deyil, təhıükə törətməyən pozitiv enerjili insanlar rəğbət yaradır. Belə şərait daha müdafiəli hiss etdirir və dinləyicilərin fikri bilavasitə səndə deyil, səlis təqdim etdiyin mövzuda olacaq. 
Həmçinin gülümsədikdə, sən özün də daha rahat və inamlı şəkildə özünü ifadə edə biləcəksən. Heç ağıla gəlməyən gülümsəmə kimi sadə meyar, peşəkar təqdimatının təməli ola bilər. 
Bu köməkçi meyarlar sənə səlis və aydın danışmağa sövq edər. Önəmli olan, üzərində əzmlə çalışmaq və özünə aid alətlər tapmaqdır. 

Uğurlar !