sevdiyin-isimi-gormeli-yoxsa-gorduyun-isimi-sevmeli--

Sevdiyin işimi görməli yoxsa Gördüyün işimi sevməli?

Hobbimiz İşimiz Olsunmu?

Kifayət qədər uzun bir yazı olacağı üçün kofeni və ya çayını əvvəlcədən hazırlamağı unutma. 

Bu elə bir mövzudur ki, bütün həyatımıza: bir ömrü necə yaşayıb, nələrlə məşğul olacağımıza, dünyaya bir dəfə gəlmə şansımızı necə dəyərləndirəcəyimizə, ömrümüzdən gedən hər ötən günümüzü nəyə sərf edəcəyimizə və bunun üçün gələcəkdə peşman olub-olmayacağımıza birbaşa təsir edir. Məhz bu səbəbdəndir ki, bu suala cavab tapmaq bizlərin ən əhəmiyyətli və zəruri öhdəliyimizdir. Hər şeyi bizim iradəmizə buraxmaq, bəzən qərarlarımız daxil, yaşamağa bu gündən başlamağımızı ertələməklə nəticələnə bilər. Bu nöqteyi-nəzərdən baxanda cavabları bu gündən axtarmağın zəruriyyətimiz olduğunu dərk etməyimiz bizim faydamızadır.

1.“Sevdiyin işimi görməli yoxsa Gördüyün işimi sevməli” deyərkən nədən bəhs edirik?
Beləliklə, “Sevdiyin işimi görməli yoxsa Gördüyün işimi sevməli” deyərkən bir çox insanın dilemma yaşadığı ixtisas seçimlərindən, iş axtarışlarından bəhs edirik. Bir vaxtlar, bir çoxlarımız zaman-zaman seçdiyi ixtisası sorğulayaraq, gələcəkdə hansı işin yiyəsi olacağını bilmir. Təəssüflər olsun ki, statistikalar da bir çox insanın ixtisas aldığı peşədən fərqli istiqamətlərdə çalışdığını göstərir. Məsələn: Mən “Beynəlxalq Münasibətlər” ixtisası üzrə təhsil alsam da, İnsan Resursları, sənəd dövriyyəsi sahəsində çalışıram. Mənim bir sıra qrup yoldaşlarım da mənimlə eyni taleyi bölüşür. Biri PR sahəsində, bir digəri dizayn, başqası stomotologiya, bir başqası düzgün bəslənmə və s. sahələrində işləyirlər. Bu insanlar mənimlə birlikdə təhsil alan qrup yoldaşlarımdır. Bizim kimi aldığı təhsil üzrə işləməyən o qədər çox insan var ki… Bəs belə bir vəziyyətdə nə etməli? Madam ki, o ixtisas üzrə ixtisaslaşmayacaqdıq, bəs niyə təhsil alarkən onu seçdik?

Bu suallara cavab əslində çox bəsitdir. Səninlə, sizlərlə olduğu kimi bizlərin də fərqli səbəblərimiz olub. Həmin səbəblərə bunlar daxildir:

Kimimiz valideyn təsiri ilə ixtisas seçimi etmişik.
Kimimiz özünü tanımadığı, əslində nə istədiyini anlamadığından o ixtisası seçmişdir.
Kimimizin giriş balı uyğun olduğundan, rastgələ seçərək, təhsil almışdır.
Kimimiz başqa gözləntilərlə bu ixtisası seçmiş, fəqət yolda ona uyğun olmadığını anlamışdır.
Bu səbəbləri artıra da bilərik. Burada vurğulamaq istədiyimiz əsas məsələ: SƏN TƏK DEYİLSƏN! Bir çoxlarımız eyni yoldan keçib. Fəqət hər zaman da qeyd etdiyim kimi lazımlı şeyləri paylaşmağa meyilli olmadığımızdan xəbərsiz qalır və yaşadıqlarımızın sadəcə bizə məxsus olduğunu düşünərək özümü qurbana çevirməyi üstün tuturuq. Halbuki bu dünyada qurban psixologiyası ilə yaşayanlar deyil, onu qurbana çevirməyə çalışan hadisələr qarşısında dimdik duraraq, hər zaman bir çıxış yolu axtaranlar güclü və uğurlu bir şəkildə gözəl və dəyərli bir ömür yaşayırlar.

2.Sevdiyimiz işi necə görə bilərik?
Birincisi, heç bir zaman heç nə üçün gec olmadığını qəbullanaraq!

Çünki doğurdan da elədir. Başlamaq üçün hələ də gec deyil. Ömürlərinin yarısını başa vurub, tamamilə başqa bir şəkildə yaşamaq istədiklərini anlayıb, peşələrini dəyişən o qədər çox insan, o qədər çox nümunə, uğur hekayələri var ki… Bunun özü 50 yaşında da olsan, 60 yaşında da, 70 yaşında da olsan heç nə üçün gec olmadığının birbaşa göstəricisidir. Bunu həqiqətən dərk etmək, BƏHANƏLƏRƏ YOX deməyin bir başqa yoludur.

İkincisi, sevdiyin işi görmək üçün birinci növbədə onu tanımaq lazımdır. Bunun üçün isə özünlə bağlı uzun və sonu olmayan kəşf yoluna çıxmağa ehtiyac yoxdur. Bunu iki cür etmək olar:

Uşaqlığından bəri və ya son zamanlarda davranışlarını müşahidə edərək, ən çox nəyə zaman sərf etdiyini, nə ilə məşğul olarkən özünü daha yaxşı hiss etdiyini, nə ilə məşğul olmağın tənbəlliyinə qalib gəldiyini, nə ilə məşğul olarkən bütün fikrini ona verdiyini, hansı tip film və kitablara üstünlük verdiyini, nə haqqında araşdırmalar aparmağın sənin üçün daha maraqlı olduğunu anlamaqla tanıya bilərsən.
Bir başqa üsul isə çoxdandır məşğul olmaq istədiyin, fəqət heç təcrübə etmədiyin sahələrin və ya məşğuliyyətlərin bir siyahısını qurub, onlardan birini təcrübədən keçirdərək axtardığın suala cavab tapmaqdır. Bu üsul əslində qıraqdan baxıb, bizim üçün möhtəşəm ola biləcəyini zənn etdiyimiz seçimləri yaşayaraq, təcrübədən keçirdərək bizlər üçün uyğunluğunu, cəlbediciliyini test edə bilməyimizə köməkçidir. Çünki bəzən bəzi sənətlər bizə qıraqdan cəlbedici görünsə də, məşğul olarkən tam da bizim istədiyimiz şey olmadığını anlamağımıza imkan yaradır. Beləliklə, biz seçimimizi daha fərqli və bizə uyğun ola biləcək başqa variantlar üzərindən davam etdirə bilmə fürsətini özümüz üçün yaradırıq.
3.Gördüyümüz işi necə sevə bilərik?
Bəs gördüyümüz işi sevməyin yollarını necə tapa bilərik?

Cavab: Gördüyün işdə sevdiyin tərəfləri qabardaraq və sevmədiyin tərəfləri sevə biləcəyin şəkildə icra etməyə çalışaraq.

Əslində bu mümkünsüz deyil. Sahədən sahəyə dəyişə bildiyi üçün hər sahəyə şamil oluna biləcəyindən əmin deyilik. Yenə də gördüyümüz işdə sevdiyimiz bir tərəfi tapmaq təcrübədə istifadə olunan ən uğurlu variantlardan biridir.

Burada vurğulamaq istədiyimiz bir başqa məsələ də odur ki, bir çoxlarımız maliyyə azadlığı qazana bilmək, iqtisadi vəziyyətini yaxşılaşdırmaq və bir çox hallarda sadəcə özünü və ailəsini keçindirə bilmək üçün sevmədiyi işlərdə çalışmağa məcbur qalır. Bu, bir çox insanın yaşadığı bir perioddur. Bu periodu hər kəs yaşayıb, yaşamağa da davam edəcək. Əslində bu işin özündə belə seviləsi tərəf bunun bir period olduğunu anlamaq və hər zaman belə olmayacağını dərk edərək, bir yandan da hərəkətə keçmək və mümkün ola biləcək bütün fürsətləri qovalamaqdan əl çəkməməkdir.

Unutmamalıyıq ki, hadisələrə və yaşadıqlarımıza yanaşmamızı dəyişəndə hər şeyi dəyişdirə bilmə gücü sadəcə və sadəcə bizdə olur.

4.Hobbimizi işimizə çevirməyimizin üstünlük və mənfiləri nələrdir?

Hobbimizi işimizə çevirməliyikmi?

Bu suala net bir cavab yoxdur

Hər hobbini işə çevirmək uğurlu bir seçim olmaya bilər. Fəqət bunun özü belə insan xarakterinə görə dəyişir. 

Məsələn, yazmaq aşiqiyəm. Bütün planlarımı, hədəflərimi, işlərimi, dərslərimi və s. yazaraq icra edirəm. Hazırda olduğun bu vebsaytım da yazma eşqimdən irəli gələrək yaratdığım bir hobbimdir. Fəqət bunu işə çevirib, daimi olaraq hər gün blog məqaləsi yazmağın mənə zövq verməyəcəyini və bunun bir hobbidən çıxaraq, öhdəliyə çevriləcəyi üçün keyfiyyətinin də düşəcəyini bilirəm. Qısacası, artıq bu hobbini bir hobbi olaraq, sevdiyim və zövq aldığım bir iş kimi deyil də, gəlir mənbəyim, iqtisadi azadlığımı məhz bu şəkildə təmin etdiyim bir öhdəlik olaraq görəcəm. Bu isə öhdəliklərə nifrət etməyim səbəbi ilə hobbimi əsas işimə çevirməyin hər zaman uğurlu bir seçim olmadığının göstəricisi olacaq.

Fəqət bəzi hobbilər də var ki, iqtisadi vəziyyətimizin onlardan asılı olacağı əsas işimizə çevirməyimiz heç də uğursuz bir seçim olmaz. Burada əsas məsələ tutqularımızı, maraqlarımızı, daim məşğul olmaq və inkişaf etmək istədiyimiz sahələri tanımaq, kəşf etməkdir. Bu sayədə bizə aid, bizi yormayacaq, daim məşğul olma istəyimizi canlı tutacaq fəaliyyət sahəmizi tapa bilərik.

Qeyd: Yəni bəzi hobbilərimizi işimizə çevirməyin mənfi cəhəti zamanla zövq aldığımız o işə qarşı marağımızın ölməsi, bizim üçün sıradanlaşması ilə nəticələnə bilərkən, bir digər tərəfdən də bəzi hobbilərimizi işimizə çevirdiyimizdə həyatımızı sanki heç işləmir, daim dincəlir kimi hiss edə bilərik.

5.Bəs yekun qərarı necə verməli?
Bu yazı sənin üçün bir yol göstərici, alternativ çoxluğunda bir kompas olma məqsədini daşıyır. Yekun qərarı vermək yenə sənin üzərinə düşür. Bəs yekun qərarı verərkən nələrə diqqət etməli olduğunu sual etsən:

Tənbəllik etmədən, özünə bax, özünü – ehtiyaclarını dinlə. Bu gününü gör. Necə biri olsan, necə bir sahədə işləsən bu günündən zövq alarsan? Necə bir məşğuliyyətə sahib olsan gələcəkdəki SƏN, bugünkü sənin əziyyətlərini qiymətləndirər və bugünkü SƏNə görə minnətdar olar deyə düşün. Bu həyata bir dəfə gəldiyin həqiqəti ilə yola vermədən üzləş və yaşamağa bu gündən başlamaq üçün qəlbindən gələn ilk addımı izlə.
Qərarını verməkdə çətinlik çəkirsənsə, prosesə və zamana güvən. Prosesin içində zamanla sənin üçün ən doğru olanın nə olduğunu müəyyənləşdirə biləcəksən. Əsas odur ki, heç bir zaman cəhd etməkdən əl çəkməyəsən. Bizlər başqalarına ikinci, hətta üçüncü, dördüncü şansları verməkdə usta olsaq da, özümüzə gəldikdə cəllad kəsilə bilirik. Halbuki şans verməli olduğumuz da, güvənməli olduğumuz da, inanmaqdan heç əl çəkməməli olduğumuz da ÖZÜMÜZÜK…
Özünə, həyatına, seçimlərinə yeni bir şans verməyin diləyi ilə,