stres-idareetme-strategiyalari--

Stres İdarəetmə Strategiyaları

Stress idarəetmə strategiyaları bu xaotik, qeyri-müəyyən və sürətlə dəyişən dövrlərdə hər zamankindən daha vacibdir. Müasir həyat tərzimiz hər gün təzyiqlər və müxtəlif məyusluqlarla doludur. Bu da özümüzü çaşqın, tükənmiş və boğulmuş hiss etməyimizə səbəb olur.
Stres həmişə pis bir şey deyil. Kiçik dozalarda sizi motivasiya etməyə kömək edə bilir.


Stress nədir?
Stress real və ya xəyal edilən təhdidlərə qarşı bədənimizin verdiyi fiziki cavabdır. Bədənin yaxınlaşmaqda olan zərər və ya təhlükəyə qarşı 'döyüş və ya qaç' reaksiyasıdır. Bu həm də insan olaraq bizə məxsus olan bir müdafiə mexanizmidir. Düzgün işlədiyi təqdirdə stres diqqətimizi cəmləşdirməyə və bizi ayıq tutmağa kömək edir. Ekstrimal vəziyyətlərdə sağ qalmaq instinktimizi işə salır. Həm həyati təhlükəli vəziyyətlərdə özümüzü müdafiə etmək üçün əlavə güc və enerjini artırır, həm də yaxınlaşan təhlükə qarşısında fövqəladə bir sürətlə reaksiya vermək bacarığını yaradır.
Əlbətdə ki, gündəlik həyatda qarşılaşdığımız stres növü bizi ayıq saxlamaq üçün lazım olan stresdən bir qədər fərqlidir. İdarəetmə strategiyasına ehtiyac duyduğumuz bu stres sağlamlığa, məhsuldarlığa, əlaqələrə və ümumi həyat keyfiyyətinə zərər verən stress növüdür. Bəs bu stressi necə idarə edə bilərik? Gəlin birlikdə baxaq.
Stress idarəetmə strategiyaları
Sizdə stress yaradan şeyləri müəyyənləşdirin. Nə qədər sadə səslənsə də, bir çox insan onları stressə salan şeylərin fərqində deyil və fərqli şeylər insanlarda stress yarada bilir. Bir insanın stresi başqasının çətinliyi və ya motivasiyası ola bilər. Çox az adam öz düşüncələrinin, hisslərinin və davranışlarının stresi artırdığını başa düşür. Gecikdirmə, təşkilatsızlıq və diqqətsizlik kimi hallar bizdə stress yarada bilir. Bizdə stress yaradan şeyləri müəyyənləşdirmək ilk etməli olduğumuz şeydir.  
Həyatınızı sadələşdirin. Çox şey etməklə özünüzü çox yorursunuzsa, səmərəsiz, eyni zamanda vaxt aparan və enerjinizi alan fəaliyyətlərinizi azaltmağa başlayın. Heç kim hər şey edə bilməz.
Prioritetlərinizi müəyyənləşdirin, dəyər verdiyiniz və vacib hesab etdiyiniz işi görmək üçün yer ayırın. Bununla yanaşı YOX deməyi öyrənin! Lazım gələrsə, tapşırıqları bölüşdürün, amma hamısını tək başına etməyə çalışmayın. Həddindən artıq yük götürdükdə və özümüzə vaxt ayırmadıqda stresli hiss edirik. 
Yaxşı yemək, müntəzəm idmanla məşğul olmaq və kifayət qədər yuxu almaqla stresin təsirlərini azaldın. Bədəninizin sağlam qalması üçün lazım olan qidaları almamaq həm zehni, həm də fiziki stresə səbəb olur. Müntəzəm məşqlər yalnız gərginlik və stresi azaltmır, eyni zamanda stresi daha yaxşı idarə etməyinizə imkan verir.
Dəyişdirə bilməyəcəyiniz şeylərin olduğunu qəbul edin. Hamımızın bildiyimiz kimi, həyatda sevdiyimiz birinin ölümü, işini itirmək, xəstəlik və s. kimi şeylər dəyişdirə bilməyəcəyimiz şeylər sırasındadır. Nə qədər çətin olsa da, belə hallarda edə biləcəyimiz ən yaxşı şey hadisələri olduğu kimi qəbul etməkdir. Daha sonra hadisəyə necə reaksiya göstərəcəyimizi seçə bilərik. Bəzi konstruktiv yollara aşağıdakılar daxildir:
•    Yaşadıqlarınızı bir dostunuza və ya terapevtinizə danışmaq
•    Düşüncələrinizi və hiss etdiklərinizi jurnala qeyd etmək 
Stresi idarə etməyin daha sağlam yolları:
•    Meditasiya, yoga və ya beyin dalğası terapiyası kimi üsullar
•    Gəzintiyə çıxmaq, ağırlıq qaldırmaq, qaçmaq
•    Çimərlikdə, meşədə və ya açıq havada vaxt keçirmək
•    Yaxın  bir dostla söhbət etmək
•    İsti, ətirli vanna qəbul etmək
•    Sakitləşdirici musiqi dinləmək