tebieti-qoruyaq-adli-yeni-mesgulluq-layihesi-basladi

"Təbiəti qoruyaq" adlı yeni məşğulluq layihəsi başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Təbiəti qoruyaq” adlı yeni məşğulluq layihəsinə başlayıb. İşsiz və işaxtaran şəxslərin məşğulluğuna dəstək məqsədi daşıyan və haqqı ödənilən ictimai işlərin əhatə dairəsini genişləndirəcək layihəyə çərçivəsində təmizlik və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. 

Layihəyə ilk olaraq Bakı, Sumqayıt, Şəki, Lənkəran şəhərləri, Beyləqan, Quba, Şamaxı, Tərtər və Bərdə rayonlarında yerləşən Şəhidlər Xiyabanlarında təmizlik və abadlıq işlərinin aparılması ilə start verildi.

Növbəti mərhələlərdə:

•           Bakı şəhəri üzrə Novxanı, Türkan, Hövsan, Şıxov, Bilgəh, Buzovna, Mərdəkan, Şüvəlan, Zuqulba, Pirşağı və Sumqayıt çimərliklərdə (2 ay müddətində),

•           Göygöl rayonu üzrə Göygöl və Maralgöl Milli Parkı, Lənkəran rayonu üzrə Hirkan Milli Parkı, Salyan rayonu üzrə Şirvan Milli Parkında (4 ay müddətində),

təmizlik və abadlıq işləri aparılacaq.

Habelə layihə çərçivəsində Tərtər, Bərdə, Siyəzən, Xaçmaz, Şəmkir, Tovuz, Yevlax, Zərdab, Ağdaş, saatlı, sabirabad, Ağcabədi, Lənkəran, Masallı rayonlarında ağacəkmə kampaniyası (2 ay müddətində) təşkil ediləcək.

Layihənin əsas məqsədi işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi, işçi qüvvəsinin əməyindən səmərəli istifadə edilməsi, ictimai yerlərin abadlaşdırılması, ekoloji təmizliyə, yaşıllıqların artırılmasına töhfə verilməsidir.