telim-ve-tedrisin-teskili-ve-metodikasi-ixtisaslasmasi-uzre-muellimler-emekdasliga-devet-edilir

“Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə müəllimlər əməkdaşlığa dəvət edilir

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin payız semestrində Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir.

“Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması çərçivəsində aşağıdakı fənləri tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcək:

1. Tədqiqat metodları və akademik etika (Tədqiqat metodları ilə əlaqəli əsas anlayışlar və prinsiplər, araşdırma prosesi, elmi nəşrlərin təhlili, araşdırmaların nəşri, akademik etika);
2. Öyrənmə və öyrətmə (Öyrənmə modelləri, yanaşma və nəzəriyyələr, peşəkar öyrənmə, peşəkar öyrənmənin standartları, öyrənmə və öyrətmənin metod və prinsipləri);
3. Təhsildə idarəetmə (İdarəçilik nəzəriyyələri və prosesləri, təhsilin idarəolunmasının fəlsəfi əsasları, inkişaf tarixi, təhsil müəssisələrində effektivlik, məhsuldarlıq və keyfiyyət təminatı);
4. Təhsil  siyasəti və qanunvericiliyi (Təhsil siyasətinin hüquqi təməlləri, təhsil siyasətinin formalaşdırılması, ehtiyacların öyrənilməsi, alternativ siyasət təklifləri, seçim meyarlarının müəyyənləşdirilməsi, təhsil qanunvericiliyi- konvensiya, qanun, qərar və s. sənədlər, təhsil sistemində hüquqi prosedurların tənzimlənməsi və idarə edilməsi;

Namizədlərə qarşı tələblər:

1. Müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (elmi dərəcəsi olan namizədlərə üstünlük veriləcək);
2. Sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi;
3. Azərbaycan dilində səlis ünsiyyət bacarıqları;
4. İKT resurslarından sərbəst istifadə bacarıqları;
5. İnnovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları.

Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) innovations@arti.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaq.

Müraciət üçün son tarix: 31 avqust 2021-ci il, saat 23:59