tenqidin-sexsi-inkisafda-rolu

Tənqidin şəxsi inkişafda rolu

Həyatın müxtəlif mərhələlərində tənqid ilə rastlaşırıq. Bunların bəziləri konstruktiv, digərləri isə qeyri-peşəkar olur.
Bu dəfə gəlin, "tənqidin özü nədir?" mövzusunu araşdıraq.

Tənqid – hər hansı bir insan, əsər və ya mövzunun doğru-yanlış, əskik-artıq, gözəl-çirkin cəhətlərini tapıb göstərmə işidir. Tənqidin əxlaqi cəhətdən yaxşı və ya pis dəyərləndirilməsi; kimə, nə vaxt və hansı dərəcədə, hansı məqsəd və niyyətlə edildiyindən asılıdır. Bu baxımdan tənqid - müsbət tənqid (faydalı olan) və mənfi tənqid (zərər verən) olaraq iki yerə bölünür. Tənqidin təsiri də yuxarıda söylədiyimiz xüsusiyyətlərə görə fərqli ola bilər.
    İlk öncə, İnsan niyə tənqid edir? Sualına cavab tapmağa çalışaq.
Fərdi və ictimai həyatın daha da yaxşılaşması üçün xətaların fərq edilib lazımi qaydada ifadə edilməsi yararlıdır. Ancaq bu ifadə formasının insana və ətrafına zərər verməməsi, bir sözlə, ifadələrin müsbət niyyətli olması vacibdir. Bu formada edilən müsbət tənqidlərdə səhvləri düzəltmə mülahizəsi vardır. Ailə və cəmiyyətdə mənfi tənqidə köklənənlər getdikcə hər şeydə bir əskiklik axtararlar. Bu şəkildə tənqidin bir alışqanlıq halını alması müşahidə olunur. Zərərli tənqidin arxasında hissi və nəfsi mülahizələr yata bilər. Rəqabət və qısqanclıq da insanı davamlı tənqidə aparar. Bu halda tənqidə mövzu olan xüsusiyyəti düzəltmə və həll etmə qayəsi olmadığı üçün hər iki tərəf də bundan zərər çəkər. Qısaca, "üzüm yemək yerinə bağbanı döymək" üçün danışmaq olmaz. Dəyərləndirmələrdə səmimi olmaq, hissi və nəfsi mülahizələri tərk etmək vacib faktordur. Beləliklə, zərərli tənqidin qarşısı alınmış olar.

Zərərli tənqid ictimai bir xəstəlik halına çevrilə bilər. Məsələn, KİV-də məşhur olan insanlar belə bəzən duyğularına məğlub olaraq zərərli tənqid edirlər. Televiziyalarda bəzi müzakirə proqramlarındakı insanlar tənqiddən çox qarşı tərəfə maddi-mənəvi zərər verməyə çalışırlar. Qarşıdakı insan nə deyirsə desin onu dediklərini tənqid etməyə çalışırlar, bu da şəxsi mənfəətin qorunması məqsədini daşıyır. Beləliklə, mənlik və ənaniyyətin mənfi tənqidi artırdığının şahidi oluruq. Əksər insanlar hətta cüzi tənqidi eyhamlara qarşı da çox həssas davranırlar. Bu ona görə baş verir ki, neqativ informasiya insanlar üçün daha çox əhəmiyyət kəsb edir, nəinki pozitiv, çünki daha qeyri adi olduğundan neqativ informasiya özünə qarşı daha çox diqqət cəzb edə bilir.
Artıq çoxdan məlumdur ki, tənqid o zaman lazımi nəticə verir ki, onun ünvanlanmış olduğu insanlarda həmin tənqidi düzgün qəbul etmək üçün zehni mexanizm olsun. Onları bu cür qruplaşdırmaq olar.    

   Tənqid — nəyin isə qiymətini müəyyənləşdirmək, çatışmazlıqları üzə çıxarmaq məqsədi ilə müzakirə etmək və araşdırmaqdır; hər hansı bir şey haqqında mənfi fikir yürütmək, onun çatışmazlıqlarını qeyd etmək deməkdir (S.İ. Ojeqov).

Əksər insanlar hətta cüzi tənqid eyhamlarına qarşı da çox həssasdır. Bu ona görə baş verir ki, neqativ informasiya bütün insanlar üçün daha çox əhəmiyyət kəsb edir, nəinki pozitiv, çünki o daha qeyri-adi təsir bağışlayaraq, özünə qarşı daha çox diqqət toplayır. Məsələn; Mütəxəssislər tərəfindən sübut olunub ki, səsvermə zamanı insanların seçiminə daha çox təsir edən amillər arasında hər hansı bir namizədin layiqli xüsusiyyətləri deyil, çatışmayan tərəfləri daha üstün tutulmasıdır.Bu o demək deyil ki, tənqidi insanlara təsir etmə üsulu kimi istifadə etmək lazımdır. Amma ondan istifadə zamanı onun hansı formada, nə vaxt və necə bir məkanda səslənməsini mütləq nəzərə almaq lazımdır. Belə ki, yaxşı məşqçilər öz oyunçularını, heç bir zaman oyundan dərhal sonra, emosiyaların hələ oyaq olduğu bir vaxtda tənqid etmirlər. Onlar səhvlərin müzakirəsini növbəti günə, əsəblərin daha sakit vaxtına saxlayırlar. Əks təqdirdə, onların tənqidi əsassız da ola bilər, bu halda onlar əbəs yerə idmançının qəlbinə dəyə bilərlər.
 

 Bəs tənqidi məntiqi şəkildə necə dəyərləndirmək olar?


   Öz ünvanımıza deyilən tənqidləri dinləməli olmaq yəqin ki, hər birimizin başına gəlir və bu heç də nadir hallarda olmur. Artıq çoxdan bəllidir ki, tənqid yalnız o zaman faydalı ola bilər ki, onun ünvanlanmış olduğu insanlar, onun  qavramaq üçün müvafiq əqli mexanizmə malik olsunlar.  Onları növbəti vəziyyətlərdə birləşdirmək olar:
  1. Öz ünvanıma tənqid — mənim təkmilləşməyim üçün olan şəxsi ehtiyatlardır.
  2. Obyektiv tənqid — tənqid olunan şəxsə işindəki qüsur və çatışmazlıqları aşkar etmək və aradan qaldırmağa kömək etmək formasıdır.
  3. Mənim ünvanıma tənqid — mənim məşğul olduğum işin mükəmmələşməsi istiqamətlərinin göstərilməsidir.
  4. Elə bir tənqid yoxdur ki, ondan az da olsa xeyirli nəticə çıxarmaq mümkün olmasın.
  5. İstənilən bir tənqidi qulaq ardına vurduqda və ya tənqidə fikir vermədikdə mövcud çatışmazlaqları aradan qaldırmaq çətin olur.
  6. Tənqidi iradların konstruktiv (işin yaxşılaşmasına qurulmuş şəkildə)  qəbul olunması tənqid edən şəxsi hansı motivlərin idarə etməsindən asılı ola bilməz (əsas odur ki, çatışmazlığın mahiyyəti düzgün göstərilmiş olsun).
  7. Tənqidin işgüzar formada dərk olunması, onun kim tərəfindən (necə bir insan olmasından və hansı məqsədlə) söylənilməsindən asılı olmalı deyil.
  8. Tənqidin dərk olunması onun hansı formada təqdim edildiyindən də asılı olmalı deyil; vacib odur ki, çatışmazlıqlar düzgün təhlil edilmiş olsun.
  9. Mənim ünvanıma olan tənqidlər məni daha da güclü edir, çünki onlar mənim uğur qazanmağıma mane olan nöqsanlarımı aradan qaldırmağa kömək edir, bəlkə də mən bu nöqsanlara lazımi qədər diqqət yetirməzdim.
  10. Konstruktiv qavramanın başlıca prinsipi belədir- mənim etdiyim hər şeyi, daha da yaxşı şəkildə etmək mümkündür.
  11.  Ən dəyərli xüsusiyyət isə tənqiddə məntiqi məna axtarıb-tapmaq qabiliyyətidir, hətta o ilk baxışda nəzərə çarpmasa da.
  12. İstənilən  bir tənqid haqqında düşünməyə dəyər: ən minimum onun hansı səbəbdən ortaya çıxmasını və ən  maksimum isə onu necə aradan qaldırmağı bilmək üçün.
  13. Tənqidi iradların xeyirli tərəfləri ondan ibarətdir ki, onlar müzakirə zamanı toxunulmamış məsələləri də təhlil edirlər.
  14. Tənqidin düzgün qavranması istiqamətində ilk addım –fiksasiyadır; ikinci  addım - düşündükdən sonra onu işin xeyrinə necə istifadə etməyi müəyyən etməkdir; üçüncü addım – nöqsanın düzəldilməsi; dördüncü addım isə – onun təkrarlanmasına yol verməmək, yəni buna yol verməmək üçün bütün lazımı şərtləri təmin etmək.
  15. Məni tənqid edirlərsə, deməli mənim çatışmazlıqları aradan qaldıra bilmə bacarığıma və işi nöqsansız şəkildə qura biləcəyimə inanırlar.
  16. Əgər mənim ünvanıma tənqid səslənmirsə, bu o deməkdir ki, mənə bir işçi kimi etina etmirlər. Yəni, mənə qarşı laqeyddirlər.
  17. Ən qiymətli tənqid, yaxşı işçinin gerçək səhvlərini göstərir.
  18. Mənim tərəfimdən qəbul edilmiş qərarların mümkün neqativ fəsadları haqqında deyilən tənqidlər, işdə xətaların baş verməməsi üçün qabaqlayıcı tədbir hesab olunmalıdır.
  19.  Verilən suallarda tənqidi çalarları sezə bilmək – əməkdaşlarda çox vacib sayılan qabiliyyətlərdən biri, həmçinin işin təşkilindəki zəif məqamları müəyyən etmək üçün zəruri şərtdir.
  20.  İnsanın gerçək işgüzar davranışı onunla müəyyən olunur ki, hətta açıq-aşkar tənqid olmasa belə, insan öz fəaliyyətinə qarşı olan tənqidi münasibəti dərk edə bilsin.

   Tənqidin işgüzar formada dərk olunması onun kim tərəfindən deyildiyindən və onun hansı şəkildə təqdim edildiyindən asılı olmalı deyil. Vacib olan məqam odur ki, çatışmazlıqların düzgün təhlil edilməsidir. İnsanın ünvanına edilən tənqidlər insanı daha güclü olmasına və insanın hər sahədə uğur qazanmağına kömək edir. Bəlkə də insana  tənqid edilməsə, bu nöqsanlara lazımi qədər diqqət yetirməz. Tənqidi düzgün qavramaq və dəyərləndirməyin bir üsulu da  niyə? sualını vermə bacarığına sahib olmaqdır.
  İnsan tənqid edənə niyə? sualını verərək həm özündə yanlış olan və ya yanlış bilinən nöqsanların düzəldilməsinə həmçinin özünü inkişafa gətirib çıxarır. Tənqid təhqir deyil. Tənqiddən yaxşı nəticə çıxarmaq   hərkəsin də işi deyil. İnsanın gördüyü iş tənqid edilirsə, demək o diqqət çəkmişdir. Edilən tənqidi yaxşı dəyərləndirməyi bacarıb öz nöqsanlarını düzəltməyə çalışan insan xoşbəxt insandır.

Sən də təndiqi müsbət formada idarə edənlərdən ol!
Uğurlar !