teqdimat-bacariqlari

Təqdimat bacarıqları


Təqdimat bir və ya bir neçə şəxsə fikirləri və ya məlumatları aydın, sistematik şəkildə “təqdim etmə” prosesidir.  Şirkət, startap sahibi, hər hansı şirkətin əməkdaşı və ya hər hansı təhsil müəssisəsində tələbə  olmanızdan asılı olmayaraq uğurlu karyera qurulmasında dayanmadan fərqli auditoriyaların önündə təqdimat və çıxışlarınız olacaq. Təqdimat bacarığı sosial statusunuzun necə olmasına baxmayaraq sizin ən vacib bacarıq və vərdişləriniz sırasındadır. 


Təqdimat bacarığının əhəmiyyəti


Düzgün təqdimat  istənilən bir mühitdə  bilik və təcrübələri daha aydın şəkildə əks etdirmə imkanı yaradır və bununla da özünə inamı inkişaf etdirir. İş müsahibəsi zamanı  uğur və bacarıqlarınızı təqdim edə biləcəyimiz praktik bacarıqdır. Ən əsası isə karyera yüksəlişi üçün ən vacib bacarıqlardan biridir. 
Təəssüf ki, bir bir sıra insanlarda təqdimat qorxusu var ki, bu da təqdimat bacarığının inkişafına mane olur. Təqdimat bacarığınızı inkişaf etdirmək üçün ilk addım məhz sosial cəsarətin artırılması və təqdimat prosesindən  yayınmamaqdır. 
Uğurlu təqdimat üçün diqqətli şəkildə hazırlaşmaq lazımdır. Təqdimata hazırlıq zamanı aşağıdakı məqamlara diqqət yetirmək  vacibdir


1.    Məqsədin müəyyən edilməsi
Təqdimatın məqsədi müəyyən edilməlidir və hazırlıq prosesi məqsədə əsaslanaraq aparılmalıdır. Təqdimatın Məqsədə uyğun formada seçilmiş mövzunun günün tələblərinə uyğun olması təqdimatı daha uğurlu edən amillərdəndir. 

2.    Auditoriyanı tanımaq
Təqdimata hazırlıq prosesində ikinci əsas məsələlərdən biri auditoriyanın nəzərə alınmasıdır. Auditoriya müxtəlif bilik səviyyəsində olan şəxslərdən ibarət ola bilər. Auditoriyaya uyğun mövzunun və danışıq formasının seçilməsi lazımdır ki, mövzu dinləyənlər üçün anlaşıqlı olsun. 

3.    Təqdimat ediləcək məkanı tanımaq
Təqdimat ediləcək məkanın əvvəlcədən tanınması da digər vacib məsələdir. Məkanın tanınması mövcud məkanda hansı audio yaxud vizual vasitələrdən istifadə edilə biləcəyi haqqında  fikir yaradır,   avadanlıqların olmaması, işləməməsi və s kimi yarana biləcək problemlərin qarşısını alır. Tanış məkana daxil olmaq stress və həyəcanı da müəyyən dərəcədə aradan qaldırmağa kömək edir. 

 4.    Təqdimata ayrılmış zamanın müəyyən edilməsi.
Zamanı əvvəlcədən müəyyən etmək və təqdimatın məzmununu zamana uyğun şəkildə tərtib etmək        lazımdır. Bu təqdimatın əsas  ideyasının çatdırılması prosesinə doğru zamanın ayrılması üçün vacibdir. 

  Təqdimatın quruluşu.
Yaxşı hazırlanmış bir təqdimat ideyanın dinləyicilərə çatdırılması prosesini daha da asanlaşdırır. Buna görə daha təsirli olur.  Təqdimata hazırlıq zamanı təqdimatı tərkib hissələrinə ayırmaq lazımdır. Təqdimatın üç tərkib hissəsi var: başlanğıc hissə, əsas hissə və sonluq. Başlanğıc diqqət çəkmək və ya gərginliyi götürmək üçün idealdır. Son isə bütün fikirləri yekunlaşdırmaq və ya möhtəşəm bir sonluqla təqdimatı bitirmək üçün uyğun hissədir.
Başlanğıc 
Təqdimatın bu hissəsində qısa giriş verərək auditoriyanın diqqətini cəlb etmək lazımdır.Bu zaman auditoriyanı salamladıqdan sonra mövzu haqqında qısa məlumatın verilməsi, təqdimatın məqsədinin izah olunması ilə auditoriyanın diqqətini cəlb etmək olar.  
Əsas ideya 
Təqdimatın bu hissəsində artıq tamaşaçılara çatdırılacaq əsas ideyalar qeyd edilməlidir. Bu ideyaların konkret nümunələr və misallarla dəstəklənməsi təqdimatı daha effektiv edir.
Nəticə
Bu hissədə isə çıxış ümumiləşdirilərək yekun fikir söylənilməlidir. Həmçinin bu məqamda auditoriyanı suallar verməyə dəvət etməklə təqdimatı daha da maraqlı və effektiv hala gətirmək olar. 

Təqdimat prosesini necə uğurlu etmək olar?
Təqdimatın uğurlu olması üçün auditoriyanın tələblərinə uyğun  hazırlanmış bir mövzu kifayət etmir. Uğurlu təqdimat üçün yaxşı hazırlanmış mövzu ilə bərabər təqdim etmə prosesinin də effektiv olması əsas şərtlərdəndir. 
Təqdimatın çatdırılması zamanı aşağıda verilmiş nüanslara diqqət yetirməyiniz vacibdir:


Auditoriyanı nəzərə alınması
Təqdimat prosesində auditoriyanın dilindən danışmaq vacib amillərdən biridir.  Həddən artıq terminlərdən istifadə etmədən daha sadə və anlaşıqlı danışıq formasından istifadə etmək lazımdır.  Auditoriya haqqında edilən araşdırma doğru danışıq formasını seçməyinizə  kömək edəcək. 

Səs tonu
Vizual və məzmun baxımından yaxşı hazırlanmış bir təqdimat tamaşaçıya çatdırıla biləcəyi qədər uğurlu olacaqdır. Buna görə təqdimat zamanı səs tonu və tamaşaçı ilə ünsiyyət çox vacibdir. Təqdimat zamanı sakit və eyni tonlu danışıq yoruculuğa səbəb olur. Səs tonunun daha enerjili olması auditoriyanı dinləmə prosesinə cəlb edir və yoruculuğu aradan qaldırır. 

Hekayə və misallardan istifadə
Təqdimatı effektiv və yaddaqalan edən vasitələrdən biri də hekayə və misallardan istifadə bacarığıdır. 
Mövzuya uyğun olan hekayə və misallardan doğru zamanda istifadə etmək hər zaman auditoriyanın marağına səbəb olur və təqdimat mövzusunu daha yaddaqalan edir. 


Bədən dili
 Təqdimatın uğurlu olmasında,  35% səs tonu, 10% mövzu 55% bədən dili rol oynayır. Bədən dilindən düzgün istifadə edilməyən təqdimatlar gözlənilən qədər uğurlu olmur. Bədən dilinə diqqət yetirməklə təqdimatı daha effektiv etmək mümkündür. 

Səhnədə duruş
Səhnədə mümkün qədər hər kəsin rahat görə biləcəyi bir mövqe seçmək, auditoriya ilə ən azı 1 – 2 metr məsafədə dayanmaq lazımdır. Duruş həm də təqdimat edən şəxsin  təqdimat prosesinə nə dərəcədə hazır olduğunun da göstəricisidir. Özünüzdən əmin bir duruşun olması daha məqsədəuyğundur. 

Göz təması 
Təqdimat prosesində dinləyicilərlə göz təması qururlmalıdır. Auditoriyaya nəzər yetirmədən ancaq hazırlanmış slaydlara baxaraq edilən təqdimat gözlənilən qədər effektiv ola bilməz.  Auditoriyaya göz gəzdirmək lazımdır. Bu sizin diqqətinizi yayındırırsa hər hansı bir dinləyici seçərək müəyyən müddət ona baxaraq  danışmağınız sizə kömək edə bilər. 
Bütün bu təklifləri nəzərdən keçirərək təsirli bir təqdimat hazırlaya və dinləyicilərinizə müsbət və davamlı təsir bağışlaya bilərsiniz.