to-do-list-nece-hazirlanir

“TO-DO LIST” necə hazırlanır?

“To-do list” hazırlamaq çox sadə görünən, lakin bir çox şəxsi çaşdıran aktual problemlərdən biri halına gəlib. Bir çoxları üçün to-do listi hazırlamaq asan, ona əməl etmək isə çətin olarkən, digərləri üçün to do listin nə vaxtdan hazırlanmalı olduğu, hazırlanarkən hansı məqamlara diqqət etməli olduğu qarışıq səslənir. 

“TO-DO LIST” nəyə lazımdır? Hər kəs “TO-DO LIST” hazırlamalıdırmı? 

To-do list əslində etməli olduğumuz işləri unutmamaq və vaxtında edə bilmək üçün özümüzün-özümüzə bir xatırlatmasıdır. Bəzən o qədər çox öhdəlik, məşğuliyyətlərlə baş-başa qalırıq ki, nəyi nə vaxt etməli idik unuduruq. Beşini xatırlayanda biri yaddan çıxır. Hər şeyi beyində saxlamamaq, özümüzü də yormamaq üçün to-do list mükəmməl üsuldur.

Hər kəsmi to-do list hazırlamalıdır? Əslində xeyir. Bəzi insanlar to-do list yazmaqla vaxt itirmək istəmir. Hər şeyi öz beyinlərində saxlamağa meyilli olurlar. Hər şeyi beyində saxlamaq çox ağıllı olmaq demək deyil. Beynini lazımsız yerə yormaqdır bir növ. Lakin başqa bir baxış bucağından baxsaq, beynimizi daim düşünməyə vadar etməklə aktiv də saxlamış oluruq. Əslində seçim şəxsə mənsubdur.

Planlı həyat tərzinə sahib olmayan insanlar “TO-DO LIST” necə hazırlasın?
Plansız yaşayan insanlar to do list hazırlayarkən aşağıda qeyd edəcəyim iki üsuldan birini istifadə edə bilər.

ETDİKCƏ YAZ
Bu üsulla gün ərzində tamamladığın işləri bir-bir to-do list dəftərinə qeyd edirsən. Beləcə, hər qeydində o günü məhsuldar şəkildə tamamlamağın, görməli olduğun işi başa çatdırmanın gətirdiyi xoş bir abu-hava ilə daha çox ilhamlanıb, növbəti görüləsi işlərindən birini hədəfləyib başlaya və ya mükafat kimi sevdiyin digər əyləncəli işlərlə məşğul ola bilərsən.

YAZDIQCA ET
Bu üsul isə birincinin tam əksi, yazıb daha sonra yazılmış siyahıya uyğun hərəkətə keçməklə bağlıdır. Yazdıqca etmək üsulunda səhər ertə durub, həmin gün üçün lazımi işlərin siyahısını hazırlamaq kifayətdir. Bu üsulla hər + qoyduğun iş üçün səndə özünə inam və rəğbət yaranacaq. Mən özümə söz verdim və sözümü də tutdum deyə biləcəksən. Bax, əsil uğur da bu olacaq.

Spontan yaşayan insanların tez-tez qarşılaşdığı problemlər: 
Ø  Bəzi insanlar yazdıqca etmək üsulunu səhv anlayır, ya da fikirlərini müəyyən bir işə fokuslaya bilmirlər. Belə ki, onlar bir işi görərkən beyinlərində görməli olduqları digər işlər haqqında da düşünür, “Tez bunu bitirim sonra o birisinə başlayım” tərzində fikirlərə qərq olurlar. Belə olduğu halda şəxs cari işini qeyri-effektiv şəkildə başa çatdırmış olur.  Odur ki, bu üsulu seçən, əziz dost, diqqətli ol və bu səhvi etmə.

Ø  İkinci ən böyük problem, yazdıqca etmək üsulundakı siyahının hamısını bir gündə başa çatmalı olduğu düşüncəsidir. Əgər sən siyahıdakı hər şeyi bir gün ərzində tamamlaya bilmirsənsə, bu çox normaldır. Odur ki, qətiyyən demotivasiya olma və özün-özünə təzyiq etmə. Geri qalan işlərini səhərə saxla və səhərisi gün əgər vacib digər bir işin yoxdursa, dünənki siyahını tamamlamağa çalış.

Planlı həyat tərzinə sahib insanlar TO DO LIST necə hazırlayır? 
Bu məqamda insanları iki qrupa böləcəm.

Dövlət xadimləri, biznessmen və ya biznesswomen-lar və s. 
Adətən bu cür insanların nəinki bir günlük hətta 1, 5 illik planları, aylıq hədəfləri, həftəlik programları hazır olur. Və o insanlar həmin sistemə uyğun hərəkət edirlər.

Planlı həyat tərzinə sahib digər insanlar
Bu insanların da hədəfləri, planları olur, lakin birinci kateqoriyadakı şəxslər kimi kəskin sistemlə yaşamırlar. Bu qrup insanların plansız sistemə malik insanlardan fərqi isə ondan ibarətdir ki, bu insanların 1 illik planları hər zaman hazır olur. Onlar 1 il ərzində nələr edəcəklərini əvvələcədən bilir və planlayır, aylıq hədəflərə uyğun həftəlik cədvəllərlə irəliləyirlər. Və adətən bu qrup insanlar to-do list-lərini bir gün əvvəlcədən hazırlayır və səhərisi gün həmin siyahıya uyğun hərəkətə keçməyə başlayırlar.

“TO DO LIST” hazırlanarkən demotivasiya edici amil: 
Saatlarla işləmək.

İstər planlı həyat tərzinə malik insanlar, istərsə də plansız yaşayan insanlar to-do list hazırlayarkən siyahıda qeyd edilən hər bir işi saatla yazmaq səhvindən qaçınmalıdır. Saatı qeyd etmək yalnız həmin gün üçün hər hansı bir görüş varsa və ya müəyyən bir işin bitmə saatı nəzərdə tutulubsa yazılmalıdır. Əks hallarda bu saatdan bu saata qədər bu işi görəcəm, bu saatdan bu saata qədər bu biri işi görəcəm şəklində plan qurmaq uğursuzluğu planlamaqdır. Çünki həyat əslində biz planlar qurarkən başımıza gələnlərdir. VƏ sənin müəyyənləşdirdiyin vaxtda hər hansı başqa bir işin çıxa bilər və sən bir saat vaxtını ötürdüyündən bütün planın alt-üst olacaq. Bu da səni demotivasiya edərək, planlı sistemin lazımsız olduğu, işə yaramadığı fikrinə gətirib çıxardacaq. Odur ki, bu faktı nəzərə alaraq, siyahını hazırla.

Son olaraq, “TO-DO LIST” telefon proqramlarından bəhs etmək istəyirik. Bəzi insanlar yazmağı sevmir. Özü ilə dəftər daşımaq istəmir. Bəs belə halda bu insanlar to-do list-lərini necə hazırlasınlar? Təbii ki, telefon proqramları vasitəsi ilə… Müasir dövrdə həyatı telefondan idarə etmək dəb halına gəlib. Belə olduğu təqdirdə, “TO-DO LİST” proqramlarını telefonuna yükləməklə rahat bir şəkildə siyahını özünlə hər yerə apara bilərsən. Bu tip proqramlardan bir neçəsinin adı:

–        Any.do

–        Todoist

–        Wunderlist

İşlərini vaxtında görməyin, ərtələməməyin adına faydalı olması diləyi ilə sənə uğurlar!