toksik-insanlarla-nece-davranmali--

Toksik insanlarla necə davranmalı

İnsan sosial bir varlıqdır. Həm bizi, həm də münasibət qurduğumuz insanları gücləndirəcək və inkişaf etdirəcək sevgi, hörmət, ünsiyyət, dəstək və birlik kimi duyğular  sağlam sosial münasibətlərin əsasını təşkil edir. Ancaq gündəlik həyatımızda bizi narahat edən, problem yaradan bir çox insanla rastlaşırıq ki, həmin insanlarla münasibət qurmaq çox çətin, hətta imkansız olur. Bu insanlara başqalarının uğurlarına qısqanclıqla yanaşanları, həqiqəti söyləmək qabiliyyətindən məhrum olanları, bütün problemlərində və uğursuzluqlarında ətrafındakı insanları günahlandıranları,  hər kəsə daim mənfi enerji ötürənləri və s. misal göstərmək olar. Yəqin ki bu qrup insanlardan heç olmasa biri ilə rastlaşmısınız. Bu növ şəxslər toksik (zəhərli) insanlardır  və hər birimizin ətrafında mövcuddur. Zəhərli insanlar həyatınızı məhv edə və irəliləməyinizə mane ola bilər, həm də sizi öz səviyyələrinə sürükləyərək zəhərli bir insana çevrilmək riski altına ala bilərlər. 
Bu insanlar sizin müdirləriniz, həmkarlarınız, qohum və tanışlarınız da ola bilər. Ətrafınızdakı toksik insanlardan hər nə qədər qaçmağa çalışsanız da bu hər zaman mümkün deyil və siz onlarla doğru münasibət qurmağa səy göstərməlisiniz.


Bəs məyusluqlarına qapılmadan onlarla necə münasibət qurmaq olar?
Bu sual sizi də düşündürürsə aşağıdakı məsləhətləri nəzərə almağınız sizin üçün faydalı olacaq. 
Təmkinli olun
İlk addım toksik insanların davranış və hərəkətlərinə qarşı mümkün qədər təmkinli olmağa çalışmaqdır. Beləliklə, qarşı tərəfə sursat verməyəcəksiniz və bununla da  qarşıdurmanın böyüməsinin qarşısını ala biləcəksiniz. Hirslənsəniz belə, bir neçə əsas məqama diqqət yetirin. Qışqırmayın və səsinizi ucaltmayın. Təhqir, təhdid və həddən artıq ədəbsiz sözlərdən istifadə etməyin. Əks təqdirdə özünüzü haqsız vəziyyətə gətirmiş olacaqsınız. Bu sitatı hər zaman nəzərə alın - "Başqalarının hərəkətlərinin sizin dincliyinizi pozmasına icazə verməyin."
Məhdudiyyətlərinizi müəyyən edin 
Məhdudiyyətlər ümumiyyətlə vacibdir, ancaq xüsusilə toksik insanlarla münasibət qurarkən daha vacibdir. Zəhərli insanlar daha çox  zəif müəyyən edilmiş sərhədləri və zəif özünə inamı olan insanlarla zənginləşirlər. Hüdudlarınızı  müəyyən edin və davranışlarınızı buna əsasən tənzimləyin. Unutmayın ki, zərər verməyə yönəlmiş birisi dəyərli bir şeyinizi itirməyə səbəb ola bilməz. Daha doğrusu siz  icazə verməyincə heç kim qürurunuzu qıra bilməz və ya sizi alçalda bilməz.  Özünüzü zəhərli bir insanın emosional təlaşına çəkməyinizə icazə verməyin. 
  Aydın şəkildə yox deyin
Zəhərli insanlar təbii olaraq başqalarına daha az maraq göstərməyə meyllidir və hadisələri özlərinə uyğun şəkildə şərh etməyə daha çox hazırdır. Məsələn, "düşünəcəyəm" və ya "bəlkə" kimi bir şey söyləyərsənsə, bunu hə kimi qəbul edə və daha sonra buna  uyğun davrana bilərlər.  Yox deməyi öyrənin. Yox demək sizi pis insan etmir. Siz  hər şeydən önəmlisiniz və özünüzü başqalarına görə təxirə salmayın. 
       
 Vacib olan söhbətləri sənədləşdirin
Xüsusilə iş yerində bir başqa faydalı ipucu da vacib söhbətləri sənədləşdirməkdir. Bu sizi toksik insanların zərərindən qoruyacaq vasitələrdən biridir.  Şifahi şəkildə müzakirə olunan söhbətləri dəstəkləmək üçün mətn mesajları və ya e-poçtlar göndərə bilərsiniz. Bu yalnız üçüncü şəxslərə göstərməyiniz üçün deyil, sizin üçün də bir qeyd təmin edəcəkdir. Əlavə olaraq, mümkünsə, digər insanlarla yanaşı vacib söhbətlər də edə bilərsiniz. Başqalarını ehtiyata götürməklə, gələcək mübahisələrdə və ya qarşıdurmalarda özünüzü daha etibarlı hiss edə bilərsiniz.
  Münasibət qurmağa cəhd edin
Əgər toksik insanları həyatınızdan çıxara bilmirsinizsə onda sizə kömək edə biləcək bir şey  harmoniya yaratmağa çalışmaqdır. Danışa biləcəyiniz ümumi bir mövzu tapmağa çalışın. Səmimi və nəzakətli davranaraq söhbətə başlayın. Bu formada qurduğunuz əlaqələr müzakirələri hər iki tərəf üçün daha nəzakətli hala gətirir ki, bu da gələcək mübahislərin qarşısını ala bilər.  Ancaq  toksik insanlarla həddən artıq səmimi olmayın və şəxsi işiniz barədə heç vaxt onlarla müzakirə aparmayın. Həmçinin digər şəxslərin müzakirəsini etməkdən də çəkinin və onların da danışmasına icazə verməyin. Toksik insanlarla münasibət qurmaq cəhdiniz hər zaman istədiyiniz kimi olmaya bilər, ancaq sınamağa dəyər. 
    Onların tələlərini görməməzlikdən gəlin
Motivasiyalı sözlər və ya həddən artıq bədbin fikirlər toksik insanların tez-tez  sizi uğursuzluğa düçar etmək  üçün istifadə etdikləri  bir silahdır. Bunların zəhərli tələlər olduğunu görməli və yaxalanmamağın yollarını bilməlisiniz.  Zəhərli insanların bu sözlərini qəbul etmədən əvvəl tənqidi yanaşın və analiz edin. Bilin ki, zəhərli insanların fikirləri əksər hallarda həqiqəti əks etdirmir. Vacib olan bunları görməməzlikdən gələ bilməyiniz və qərarlarınıza təsir etməsinə izin verməməyinizdir.


Bu bir həqiqətdir ki, toksik insanlar sizin həyatınızda var və hər zaman da olacaq. Buna görə də onlarla davranışınıza diqqətli yanaşın və ən əsası isə sizə zərər vermələrinə, davamlı olaraq sizi neqativə kökləmələrinə izin verməyin. Bu insanların həyatınızda xüsusi bir önəmi yoxdursa onları həyatınızdan çıxarmağa cəhd edin. Bu sizin emosional vəziyyətinizi daha yaxşı edəcək və həyat məmnuniyyətinizi atrıracaq.