ugur-qazanmaq-ucun--10000-saat-qanunu

Uğur qazanmaq üçün 10000 saat qanunu

Hər birimiz həyatımız boyu uğur qazanmağa, həyatda hansısa bir sahədə müvəffəqiyyətli olmaq üçün çalışırıq. Hər birimizə bu sual maraqlı olub ki, bəs bütün bu məşhur yazıçı, musiqiçi, rəssamların sirri nədir?

Niyə məhz onlar belə məşhur olub və həyatda uğur qazana biliblər? 

Bəs bu 10000 saat qanunu nə deməkdir? “Bir işdə əsl mütəxəssis olmaq üçün 10000 saat qanunu” nu daha öncələrdən alimlər araşdırıb tapsalar da, Malcolm Gladwell bunu öz kitabında genişcə əks etdirərək daha da populyar edib. Bu kitab bəlkə də bəzilərinizin bildiyi “Outliers” kitabıdır. Yazıçı burada əsas amilin təcrübə və “10000 saatın professionallığa çatmaq üçün sehirli rəqəm” olduğunu vurğulayır. Bu müddət isə gündə 4 saatlıq həmin mövzuda çalışdığınızı və həftənin 5 günü buna vaxt ayırdığınızı düşünsək, bu 10 ilə bərabər olmuş olur. Həftənin hər günü 8 saat çalışmaqla isə maksimum 4 ilə istədiyiniz sahədə ixtisaslaşmış bir fərd ola bilərsiniz. Gladwell, kitabda bu tezisini doğrulamaq üçün uğur qazanmış məşhur insanların həyatını araşdırıb. Məsələn, Bill Gates məktəb illərində oxuyarkən, evinin yaxınlarında olan və o dövrdə nadir hallarda rast gəlinən komputer avadanlıqları olduğu üçün hər gün Washington universitetinə gedib və orada kodlaşdırma ilə məşğul olub. O, eləcə də kitabda The Beatles’ın da Hamburgda olan dönəmlərində orada gündə fasiləsiz olaraq 8 saat çalışdıqları vaxtdan da bəhs etmiş və hər iki nümunənin də uğurunun bu tezislə uyğunluğunu müəyyən etmişdir. 

Yazıçının burada əsas vurğulamaq istədiyi hissə isə praktika və təcrübədir. O bildirmək istəyir ki, heç bir uğur çox çalışmadan əldə olunmur. Xüsusilə, müasir dövrdə insanlar qısa yolla, çox effort sərf etmədən bir şeyi əldə etmək, nailiyyətli olmaq istəyirlər. Belə olduqda əlbəttə ki, 10000 saat onlar üçün çox gəlsə belə, istiqrarlı olan şəxslərin bunu bacardığı da aşikardır. Digər əlavə nüans isə bu müddətin hansı metodlardan ibarət olduğudur. 

İlk üsul düşünmə seanslarının aparılmasıdır. İnsan praktika ilə yanaşı düşünməyə də zaman ayıraraq həm də beyninin sürətli inkişafına kömək edə və yeni ideyaların meydana gəlməsinə şərait yarada bilir. 

İkincisi isə, mümkün olduğu qədər çox kitab oxumaqdır. Məsələn, Elon Musk Teslanın CEO’su olmazdan çox daha əvvəl gündə 10 saat yaxın kitab oxuduğunu bildirib. Təkcə öz sahənizlə əlaqəli deyil, müxtəlif janrlarda fərqli kitablar oxumaq hadisələrə başqa bir pəncərədən baxmağınıza, dəyərləndirməyinizə kömək edə bilir. 

Buna istinadən:
“ Bəstəkarlar, basketball oyunçuları, yazıçılar, pianistlər, şahmat oyunçuları daha bir sıra sahədə ard-arda aparılan araşdırmalarda bu rəqəmlə çox qarşılaşılıb.”  
-deyə,  psixoloq, yazıçı Daniel Levitin  Gladwell ilə razı olduğunu bildirib. 

Bəs, niyə hər kəs bunu etmir və ya bunu edən hər kəs nə dərəcədə uğurlu ola bilər? Ümumilikdə bu “10000 saat qanunu” nə dərəcədə düzgündür? 

Bu tezis məşhurlaşandan sonra araşdırılmağa başlandı və 2014-cü ildə edilən bir araşdırmaya əsasən, 10000 saat praktika etmək;
-    Oyunlarda 26%
-    Musiqidə   21%
-    İdmanda    18%
-    Təhsildə     4 %
-    Peşələrdə    1 %-lik fərq yarada bilib. 

Frans Johansson, “ The click moment” adlı kitabında davamlı şəkildə edilən praktikanın ancaq sabit və oturmuş bir sistemdə uğurlu ola bilinəcəyini bildirib. Sahibkarlıq, texnologiya ilə əlaqəli peşələr isə inkişafda olan sahələr olduğu üçün bu qanunun tətbiq edilməyi çox da düzgün sayılmaz.  Bəziləri, bu fikrin Florida Dövlət Universitetinin Psixologiya professoru, Anders Ericssonun özünün mövcud araşdırmasının təhrifini düzəltmək istədiyinə görə ona aid olduğunu düşünürdülər.

Ericsson Gladwell’in işinin yalnız belə təsvir edir: 
“Bizim işimizin populyarlaşmış, lakin sadələşdirilmiş görünüşüdür, hansı ki, müəyyən bir sahədə kifayət qədər saatlıq təcrübə toplayan hər kəsin avtomatik olaraq həmin işdə mütəxəssis və ya çempion ola biləcəyini göstərir.” 

Ericsson rəsmi olaraq  açıqlamasında bunun onun araşdırmasının əks etdirmədiyini, onun araşdırmasında “mükəmməllik” üçün heç bir sehirli rəqəm məhfumunun olmadığını, 10000 saatın əslində çatılması lazım olan bir müddət deyil, elit təbəqədə olan insanların təcrübəyə sərf etdiyi ortalama bir vaxt olduğunu, bəzən isə bu vaxtın 10000 saatdan az, bəzən isə çox da ola bildiyini bildirdi. 

Təbii ki, onun sözlərinə istinadən saatdan asılı olmayaraq, buna genetik, yaş, çalışma mühiti, fitri istedad kimi bir çox amillər də təsir edir. Hər halda, insan hansısa məqsədinə çatmaq istədiyi təqdirdə vaxt müddəti dəyişkən olsa belə, istiqrarlı və inamlı olduğu müddətcə öyrənmə və praktika ilə birgə, bu istəyinə çata bilər. Aranızda bu üsulu sınamaq istəyən olsa, məncə gec olmadan başlamağa dəyər.      

Uğurlar!!!