ugur-yolu-texnikasi--

Uğur yolu texnikası

Uğurun sirri əslində sizə çox yaxındır desək, reaksiyanız necə olar?

İnsanlar həyatları boyunca bir şeylər üçün mübarizə aparırlar, əldə etdikləri onlar üçün nə dərəcədə uğur sayılır? Əslində uğurun sirri çox sadədir. O, uzaqda deyil. Uğuru başqa yerdə, başqa insanlarda axtarmağa gərək yoxdur. Hər kəs uğurludur.

  Ümumiyyətlə insanlar uğur qazanmaq üçün şansın lazım olduğuna inanır. Ancaq bu sahədə aparılan araşdırma və tədqiqatlar həyatın bütün sahələrində uğurlu olmağın mümkün olduğunu ortaya qoyur. Necə? Oxumağa davam edin...

Hər kəsin uşaqlıq dövründə istədiklərini əldə etməsi üçün özünə şans gətirəcək inancları olub. Əgər proseslər uğurla başa çatardısa, o zaman şansın yanında idi. Bəzən belə bir ifadənin şahidi oluruq: Şans səhər saat 6-da paylanır. Burada bəhs olunan şansın əslində bizim fikrimizdəki inancla əlaqəsi yoxdur. Şans uğurun sirri olaraq da qələmə verilir. Ancaq həqiqətən də uğurun sirri bizim özümüzün belə tam ifadə edə bilmədiyi şansdırmı?

Birinin uğur qazandığını eşitdikdə, insanlar adətən onların hekayələrini şansla izah etməyə çalışırlar. Ancaq həmin uğurun, anın və ya hekayənin arxasında nələrin olduğu müzakirə olunmur. İnsanlar nə çəkilən əziyyəti, nə də gedilən yolu görmək istəmirlər. Qısacası, insanlar uğur əldə etmiş şəxsin həmin nailiyyəti qazanana qədər çəkdiyi zəhməti, səhər hamıdan öncə oyanmağını bilmir.

Uğurun sirri reallıqdan başlayır

Həyatın bəzi insanlara gülümsədiyi anlar vardır. Hər şey bu insanlar üçün yaxşı gedir və ya elə görünür. Onlar hər zaman uğurludurlar, dünyanın ən şanslı insanlarıdır. Onlarla yanaşı başqa insanlar da var, daim mübarizə aparır, cəhd edir. Onların etdikləri isə birincilər kimi olmur, planları alınmır, işləri uğursuzluqla nəticələnir, özlərini tapa bilmirlər. Onlar özlərini artıq heç nəyin yolunda getməyəcəyinə, ömürlərinin sonuna qədər belə yaşayacaqlarına inandırırlar.
1993-cü ildə ingilis psixoloq Richard Wiseman bu iki fərd qrupunda həqiqətən nə olduğunu anlamaq üçün tədqiqata başlayır. Onları bir birindən fərqləndirən nədir? Niyə bəzi insanlar düzgün vaxtda düzgün yerdə olmağı bacarırlar, ancaq digərləri yox?

Wiseman bu tədqiqat üçün müsahibə alacağı şəxsləri qəzetə elan verməklə tapır. Elan nəticəsində 18-84 yaş aralığında 400-ə yaxın insan könüllü olaraq müsahibə üçün müraciət edir. Onların yarısı özünü arzularına çatdığı üçün kifayət qədər “şanslı” görürdülər, digər yarısı isə işlərinin həmişə yolunda getmədiyi üçün “şanssız” olduqlarını iddia edirlər. Tədqiqatçı onlarla danışır, müsahibə alır və onlardan iştirak etdikləri test və təcrübələri günlük olaraq qeyd etmələrini istəyir. Araşdırmaları nəticəsində insan varlığının təsadüfiliyini heç vaxt izah edə bilməsə də, fərdlərin şansına (bəxtinə) birbaşa təsir edən bəzi düşüncə və davranış nümunələrini tapa bilir.

Uğurun sirri sadəcə bir neçə addımlıqdadır

Richard Wiseman araşdırmalarının nəticəsində bir formula yaratdı. Onun yaratdığı bu formula daha sonrakı araşdırmalarda da istifadə olundu. Tədqiqatçı həyatda uğur qazanmaq üçün üç davranış qeyd edir:

1. Fikriniz və gözünüz daim açıq olmalıdır. Öncədən müəyyənləşdirdiyiniz hədəflərə çatmaq arzusu və inadkarlığı ətrafınızdakı detalları görməməyinizə səbəb ola bilər. Ona görə qorxularınıza yer verməyi bacarmalısınız, hədəflərinizi müəyyənləşdirməlisiniz, ancaq onlara çatmaq üçün baxış bucağınız geniş olmalıdır. Ən əsası dünyanı başqa nöqtədən qavramaq üçün cəsarətli olun.

2. Hər şeyin müsbət tərəfini görün. Həyatda baş verən hər neqativ hadisə özü ilə birgə fürsətlər gətirir. Hədəfinizə çatmadıqda və ya istədiyinizə nail olmadıqda özünüzü sıxmağınız və günahlandırmağınız sizə sadəcə bir gün deyil, bütün ömrünüz boyu təsir edir. Ona görə əldə etdiklərinizi daim nəzərdən keçirin, kim olduğunuzu xatırlayın və bu günə qədər necə gəlib çıxdığınızı düşünün.

3. Həftədə bir dəfə fərqli nəsə edin. Sahib olduğunuz rutin həyatınızda təhlükəsizliyi artırır. Ancaq eyni zamanda sahib olduğunuz rutin sizi inkişafdan saxlaya və məhdudlaşdıra bilər. Yeni fürsətlər əldə etmək üçün yeni davranışlara sahib olmalınız. Baxış bucağınızı və dünyagörünüşünüzü genişləndirmək üçün sahib olduğunuz rutindən kənara çıxmaq lazımdır. 

Yeni davranışlar, yeni insanlar və ya yeni hadisələrin nə gətirəcəkləri bəlli deyil, ancaq bu fəaliyyətlər sizə yeni şanslar yarada bilər. Özünüz üçün daha yaxşı həyat yaratmaq sizdən əlinizdədir.

Sizlərə bu yoldakı kəşflərdə uğurlar diləyirik!!!