worldskills-shanghai-2022-beynelxalq-bacariq-yarislarinda-istirak-ucun-aspazliq-uzre-milli-musabiqe-elan-edilir--

"WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqə elan edilir!

Bu gündən etibarən ölkəmizi “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirakını təmin edə biləcək gənclərin müəyyən edilməsi üçün aşpazlıq üzrə Milli müsabiqəyə start verilir.

      Ümumilikdə beş mərhələdən ibarət olan Milli müsabiqəyə qeydiyyat 17 - 22 yaş arası gənclər üçün açıqdır.  İlkin olaraq qeydiyyat mərhələsi başa çatdıqdan sonra namizədlər arasından seçilmiş iştirakçıların aşpazlıq üzrə nəzəri və praktiki bilikləri beynəlxalq aşpazlar tərəfindən qiymətləndiriləcək. Daha sonra ən yaxşı nəticə göstərən 5 iştirakçı "CÀSÀ" Kulinariya Mərkəzində ödənişsiz əsaslarla peşəkar aşpaz mütəxəssislərin hazırladığı təlim-təcrübə proqramına cəlb olunacaq.

      Müsabiqənin sonunda qalib şəxs “CÀSÀ” Kulinariya Mərkəzi tərəfindən "Diplom Proqramları" üçün təqaüd əldə edəcək və önümüzdəki ilin 12-17 oktyabr tarixlərində Azərbaycanı “WorldSkills Shanghai 2022” bacarıq yarışlarında təmsil etmə hüququ qazanacaq.

      Müraciətlər 5 Noyabr 2021-ci il tarixinədək qəbul edilir. İştirakçılar keçid linki vasitəsilə qeydiyyatdan keçə və seçim mərhələləsinin şərtləri ilə tanış ola bilərlər.

      Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” platforması və “CÀSÀ” Kulinariya Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.

     Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.