xarakterimiz-ve-biz

Xarakterimiz və biz

       Xarakter həyatda qazanılmış davranış formasıdır. Heç kim tənbəl və ya işgüzar, kobud və ya mehriban, qəddar və ya ürəyiyumşaq, səliqəli və ya pinti, təvazökar və ya xudbin doğulmur. Bu kimi keyfiyyətləri həyatda, tipik şəraitin, təlim və tərbiyənin təsiri altında əldə edirik. Bu əlamətlər insanın xarakterini təşkil edən tipik əlamətlər kimi formalaşır və müxtəlif şəraitlərdə özünü göstərməyə başlayır.
     İnsan xarakteri çoxcəhətli xüsusiyyətlərə malikdir. İnsan xarakterində müxtəlif xüsusiyyətlər müşahidə etmək mümkündür. Bu əlamətlər birləşərək xarakteri formalaşdırır və bir-biri ilə əlaqəlidir. 
      İnsanın münasibətlər sistemini və xarakterik əlamətlərini aşağıdakı şəkildə qruplaşdırmaq olar:
- insanın başqa insanlara: doğma və yaxın insanlara, yoldaşlarına, tanıdığı və az tanıdığı insanlara münasibətdə ifadə olunan xarakter əlamətləri. Bunlara sədaqətlilik, prinsipiallıq, ünsiyyət və qapalı olmaq, yalançılıq, kobudluluq, qayğıkeşlik, laqeydlik və s. aid etmək olar.
- insanın özünə münasibətini bildirən xarakterik əlamətlər - Bunlara heysiyyət, öz gücünə inam və inamsızlıq, şöhrətpərəstlik, lovğalıq, özü haqqında yüksək fikirdə olmaq və s. aid etmək olar.
- əməyə münasibətdə özünü göstərən xarakterik əlamətlər - Bunlara vicdanlı olmaq, əməksevərlik, tənbəllik, təşəbbüskarlıq, işə məsuliyyətli və məsuliyyətsiz münasibət, ciddilik və s. aid etmək olar.
- insanın əşyalara münasibətini ifadə edən xarakterik əlamətlər - Bunlara səliqəli və ya pinti olmaq, əşyalara münasibət və s. aid etmək olar.
    "İnsan yeddisində nədirsə, yetmişində də odur” – deyirlər. "İlan qabığını dəyişər, xasiyyətini dəyişməz” kimi bir atalar sözümüz də var. Yəni, insan necə gəlibsə, elə də gedəcək. Onun xarakterini dəyişmək mümkün deyil. Lakin digər bir qisim isə iddia edir ki, insan yaşa dolub, həyat təcrübəsini artırdıqca, kənar təsirlər, yaşadığı hadisələr, düşdüyü mühit onun xarakterinə ciddi təsir göstərə bilir.
    Xarakter insanı fərd edən ən başlıca amildir: "Ümumiyyətlə, fərdləri fərqləndirərkən onların xarici görünüşü ilə bərabər, necə insan olması, xarakteri də bir o qədər önəmlidir. Xarakterin zamanla dəyişilməsinə gəldikdə isə bu, bir qədər fərqli məsələdir. Belə ki, güclü iradəyə sahib insanların xarakteri daha möhkəm olur. Adətən güclü xarakterə malik  insanlar hətta yanlışlarını gördüyü zaman da bəzən hər hansı dəyişikliyə getmək istəmir. Amma bir qisim insanlar da var ki, zaman-zaman kiminsə təsirinə düşəndə xarakterində müəyyən dəyişikliklər yarana bilir. Təbii ki, tam olaraq heç bir fərdin xarakterini dəyişdirmək olmur. Sadəcə, təbliğat yolu ilə fərdin özünün də səhv olduğunu başa düşdüyü müəyyən xarakteri dəyişmək olar”.