yaradici-dusunce

Yaradıcı düşüncə

Şəxsi inkişaf  baxımından yaradıcı düşüncə günümüzün ən dəyərli anlayışlarından biridir. Yaradıcı  düşüncə  ənənəvi yanaşmadan kənara çıxaraq, ziddiyyətli fikirləri bir araya gətirib yeni bir şey yaratmaq deməkdir və problemlərə və vəziyyətlərə yeni bir baxış bucağından baxmağa kömək edir. Bu bacarıq yalnız sənətkarlar, musiqiçilər və ya yazıçılar üçün olan bir bacarıq deyil, hər təbəqədən olan insanlar üçün faydalı bir bacarıqdır.

Yaradıcı düşüncə bacarığına sahib olan şəxsər daim yeni ideyalar axtarışında olur.  Problemlərin həlli zamanı   ənənəvi vərdişlərdən yayınaraq alternativ həll yolları tapır. Bu düşüncə tərzi şöbə və təşkilatların daha məhsuldar olmasına kömək edə bilər. Məhz buna görə də bütün sahələrdə işəgötürənlər yaradıcı düşünə bilən və iş yerinə yeni perspektivlər gətirən işçilər istəyirlər.

Hər kəs zaman-zaman yaradıcı düşüncədən faydalana bilər. Yaradıcı düşüncə nəyisə yeni bir şəkildə düşünmək bacarığıdır və  bu hər kəsin inkişaf etdirə biləcəyi bir bacarıqdır.

Bəs necə olur ki, bəzi insanlar həmişə yeni fikirlər yaradıb yaradıcı düşünə bilirlər, bəziləri isə bunun üçün mübarizə aparırlar? Cavab yaradıcı düşüncədən istifadə etmək bacarığındadır.

Əgər yaradıcılığınızı artırmaq istəyirsinizsə, bu tövsiyələr kömək edə bilər.

1. Özünüzü yaradıcılığa həsr edin

İlk addım özünüzü yaradıcılıq qabiliyyətlərinizi inkişaf etdirməyə tam həsr etməkdir. Səylərinizi təxirə salmayın. Məqsədlər qoyun, başqalarının köməyinə müraciət edin və bacarıqlarınızı inkişaf etdirmək üçün hər gün vaxt ayırın.

 

2.Yeni ideyalar axtarışında olun

Yaradıcı düşüncə bacarığınızı inkişaf etdirmək üçün daim yeni ideya axtarışında olun. Ətrafınızdakı mövcud olan əşyalar və yaxud gördüyünüz  işlə bağlı yeni düşüncələr tapmağa çalışın. İxtisasınıza, marağınıza, düşüncə tərzinizə görə öz yanaşmanızı inkişaf etdirməyə çalışın.  Bunun üçün davamlı olaraq  özünüzə “Daha yaxşı etmək üçün nə edə bilərəm?” və yaxud “Hansı yeni həll yollarından istifadə edə bilərəm” kimi  suallar verin. Müxtəlif suallar ətrafında düşündüyünüz zaman yaranan yeni fikirlər sizi yaradıcı düşüncə prosinə cəlb edir. Elə Steve Jobs da uğurlu karyerasına  mövcud bir mobil telefonu götürərək  “Daha yaxşı etmək üçün onu necə inkişaf etdirə bilərik?” sualını verərək başlamışdı.

 

3. Birdən çox həlli araşdırın

Ənənəvi hər kəsin istifadə etdiyi həll yolları asana qaçmaqdır.  Yeni həll yollarının axtarışı isə bizi inkişafa aparmaqla yanaşı yaradıcı düşüncə bacarığımızı da inkişaf etdirir. Qarşılaşdığınız problemlərə müxtəlif həll yolları axtarmağa çalışın. Əldə etdiyiniz ilk fikirlə getmək əvəzinə, vəziyyətə yaxınlaşmağın digər mümkün yollarını düşünməyə vaxt ayırın. Bu sadə fəaliyyət həm problem həll etmə, həm də yaradıcı düşüncə qabiliyyətlərinizi inkişaf etdirəcək.

 

4. Birgə yaradıcı düşüncə üçün vaxt ayırın

Yaradıcı düşüncənin inkişafı üçün görə biləcəyiniz işlərdən biri də birgə yaradıcı düşüncə üçün zamanın ayrılmasıdır.  Gündə və ya həftədə bir saat ola bilər - bu zaman konkret bir şey haqqında yaradıcı düşünməyi həyata keçirin. Müxtəlif insanların fikirlərini dinləmək sizdə yeni ideyaların formalaşması üçün zəmin yaradacaq.

 

5. Müxtəlif çevrədən olan insanlarla şəbəkə qurun

Hər zaman bizim kimi düşünən insanlarla əlaqə qurmağa daha çox meyl edirik. Lakin müxtəlif çevrələrdən olan insanlarla quracağımız əlaqələr yaradıcı düşüncəmizin inkişafına səbəb ola bilər. Yaradıcı və ilham verən insanları sosial dairənizə cəlb edin və onlarla müntəzəm olaraq əlaqə qurun. Fərqli fikirləri dinləmək və problemlərinizi fərqli bucaqlarda görmək yeni ideyalarınızın formalaşması prosesini sürətləndirəcək.

 

6. İncəsənət, teatr və musiqi ilə məşğul olmağa səy göstərin

Bu cür fəaliyyətlərlə məşğul olmaq məsələlərə fərqli bucaqdan baxmağınıza  şərait yaradır ki, bu da yaradıcı düşünməyinizə kömək edir.

 

7.Riskə getməkdən qorxmayın

Yaradıcı  fərqli, bir – biri ilə heç bir əlaqəsi olmayan şeylərin bir araya gətirilməsi ilə yeni bir şeyin yaradılmasıdır. Yaradıcı düşüncə  bacarığınızı inkişaf etdirmək üçün riskə getməyə hazır olmalısınız. Səyləriniz hər dəfə müvəffəqiyyətə gətirib çıxara bilməsə də, yaradıcı istedadlarınızı artıracaq və bununla da gələcəkdə sizə lazım olan bacarıqları inkişaf etdirəcəksiniz.

 

8. Davamlı olaraq öyrənin

Yeni bir şeyin yaradılması məlumatlı olduğumuz fikirlərin qarşılaşdırılması ilə mümkündür. Yalnız öz sahəniz haqqında məlumatlı olmaq yaradıcı düşünməyinizə maneə yaradır.  Maraq dairənizi genişləndirmək və davamlı öyrənmə prosesini tətbiq etməklə yaradıcı düşüncə bacarığınızı da genişləndirə bilərsiniz.

 

9. Ağlınıza gələn yeni fikirləri qeyd edin

Yaradıcı düşünən insanlar əksər zamanlarda düşüncələrinin ani olaraq yarandığını qeyd edirlər. Müxtəlif vəziyyətlərdə fərqli fikirlər  düşünürsünüz. Ancaq bunların əksəriyyətinə fikir vermirsiniz və tez bir zamanda unudulur. Yeni fikirlərinizi qeyd edin. Bunu telefonunuzun  qeyd hissəsində və ya hər hansı yaddaş dəftərçənizdə edə bilərsiniz.

 

Yaradıcı düşüncəli insanlar normal həyatda və iş həyatında daha çox uğur qazanırlar. Yaradıcı düşüncə  problemləri həll etmə qabiliyyətinizi yaxşılaşdırmağa və başqalarının məsələlərə baxış perspektivlərini görməyinizə kömək edəcəkdir. Getdikcə qloballaşan  dünyada yaradıcı düşünmək bacarığınızın inkişafı üçün çalışmaq bu gününüz və gələcəyiniz üçün çox faydalı olacaq.