yerli-sahibkarlar-beynelxalq-geyim-moda-ve-tekstil-sergisinde-istirak-edib--

Yerli sahibkarlar beynəlxalq geyim, moda və tekstil sərgisində iştirak edib

         Fevralın 9-11-də Türkiyənin İstanbul şəhərində keçirilmiş “İstanbul Fashion Connection” Beynəlxalq geyim, moda və tekstil sərgisində Azərbaycanın mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim ediblər. 

         Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə istehsalçılar tərəfindən "Made in Azerbaijan" stendində müxtəlif geyimlər, uniformalar, çanta və aksesuarlar, parçalar, Azərbaycan kəlağayısı və digər məhsullar nümayiş olunub. Ümumilikdə Azərbaycanı sərgidə 21 mikro, kiçik və orta sahibkarlıq subyekti təmsil edib.

         Sərgi çərçivəsində Azərbaycan sahibkarları istehsal etdikləri məhsulları nümayiş etdirməklə yanaşı, Türkiyə və digər ölkələrin iş adamları ilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıblar.