Yerli şirkətlər investisiya layihələrini Səudiyyə Ərəbistanın müvafiq qurumuna təqdim ediblər
Dekabrın 10-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə investisiya əməkdaşlığına dair Azərbaycan-Səudiyyə Ərəbistanı Dəyirmi Masası təşkil olunub.
Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi Zöhrab Qədirov Azərbaycana investisiya qoyuluşu imkanları, eləcə də hər iki qurum tərəfindən xarici investorlara göstərilən dəstək və xidmətlər barədə məlumat veriblər.
Dəyirmi masada 10-a yaxın Azərbaycan şirkəti potensial layihələrini Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının (NCPP) baş direktoru Badr Al Badrin rəhbərlik etdiyi nümayəndə heyətinə təqdim edib, əməkdaşlığa və potensial layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb.