duzgun-ixtisas-secimini-nece-ede-bilerem---

Düzgün ixtisas seçimini necə edə bilərəm?  

Düzgün ixtisas seçimini necə edə bilərəm?  

Bu məqalədə də bir çox şagird və tələbənin əsas narahatlığı olan ixtisas seçimlərindən bəhs edəcəyik. Daha doğrusu hansı meyarlara əsaslanaraq düzgün ixtisas seçimi edə biləcəyinə nəzər salaq.

Belə ki, düzgün ixtisas seçimi üçün aşağıdakı meyarlar daha çox nə istədiyini bilməyən, alternativ çoxluğu içində öz yolunu itirən insanlar qrupu üçündür.

Beləliklə, hansı ixtisası seçmək istədiyini müəyyənləşdirə bilməyən şəxslər üçün 3 addımda yol xəritəsi:
1. Öz fərqindəlik
İnsanın özünü tanıması, hazırda hansı statusda olduğunu və gələcəkdə kim olmaq, necə bir statusda olmaq istədiyini, hansı dəyərlərə sahib olduğunu, hansı şəxsiyyət qrupuna aid olduğunu bilməsi, həmçinin daha sakit və durğun yoxsa maksimum hərəkətli bir həyat axtarışında olmasını özü üçün aydınlaşdırması, onu xoşbəxt hiss etdirəcək məşğuliyyətləri, hobbilərini tanıması öz fərqindəlik adına çox əhəmiyyətlidir.

Qeyd: Öz fərqindəlik insanın özünü tanıyaraq, şəxsiyyətinə ən yaxın olan, maraqları daxilində düzgün ixtisas seçimini asanlaşdırır.

2. Vəzifə təlimatları haqqında məlumatlanmaq
Hər bir iş üzrə vəzifə təlimatları, yəni o işin nələrdən ibarət olduğunu göstərən vəzifələr siyahısı var. Bir çox hallarda marağımızı cəlb edən işlərin əslində nə olduğunu öyrənəndə bizə uyğun olmadığını görə bilirik. İxtisas seçimi etməzdən əvvəl bizim marağımızı cəlb edən sahələr üzrə görüləcək işlərə dair təsəvvür formalaşanda o işlərin bizlik olub-olmadığını anlamağımız və beləcə həmin sahə üzrə ixtisaslaşma istəyimizlə bağlı qərar verməyimiz daha da asanlaşır.

Qeyd 2: Vəzifə təlimatlarından məlumatlı olmaq seçdiyimiz ixtisas üzrə bizim gələcəkdə işləmə həvəsimizin nə qədər yüksək olduğunu bu gündən müəyyənləşdirmək və ona uyğun ixtisas seçimi etmək imkanı verir.

3. Şəxsi analiz
İnsan özünü tanıyanda, işləmək istədiyi sahələrə və o sahələrin vəzifə təlimatlarına dair müəyyən bir fikirlər toplusuna sahib olanda, olduğu vəziyyəti analiz edib, alternativləri içərisindən onun üçün ən düzgün və ən uyğun olanını seçmə imkanını artırır.

Belə ki, adətən hər bir iş mühitində bizlərə iki növ bacarıqlar lazım olur:

Hard skillls deyə adlandırılan bir işi görmək üçün bizə lazım olan nəzəri bilik və bacarıqlar toplusu
Soft skills deyə adlandırılan müəyyən şəxsi keyfiyyətlər, bacarıqlar toplusu
Onu bil ki, nəzəri biliklər hər zaman qazanıla bilinəndir. Bizim əsas diqqət yetirməli olduğumuz məqam soft deyə adlandırılan şəxsi keyfiyyətlərimiz, bacarıqlarımızdır. Məsələn:

Bir insan düşünək. İntrovert kimliyə sahibdir. Uşaqlıqdan bəri özü ilə vaxt keçirtməyi daha çox sevib. Bacardığı qədər az insan içində olub, kollektiv fəaliyyətlərdən həmişə qaçıb və ya kollektiv içərisində sakit oturanlardan, dinləməyə meyilli olanlardan olub. Sosial deyil, ünsiyyətə meyilliyi yoxdur, daha sakit və utancaq təbiətə malikdir. Telefonla danışıqlardan uzaqdır. Tək işləməyi hər zaman daha üstün tutub.  Fəqət özünün fərqində olmadan perspektivli sahə olduğu üçün beynəlxalq münasibətlər ixtisasını seçib və bu sahədə hər bir şirkətin tələb etdiyi lazımi bilik və bacarıqları toplayıb. Universiteti bitirdikdən sonra isə bir şirkətdə beynəlxalq əlaqələr departamentində işə başlayıb. VƏ artıq onun üçün əsas əziyyət başlayır. Çünki bu sahənin insanlarından daha ünsiyyətcil, təşəbbüskar olmaq, komandalarda işləmək və əməkdaşlıqlar qura bilmək bacarıqları tələb olunur. Çox hallarda da şirkət maraqlarından irəli gələrək yeni tanışlıqlara can atıb, ilk ünsiyyəti onlar qururlar. İntrovert kimliyə sahib birinin belə bir iş mühitində özünü rahat və xoşbəxt hiss edərək işləməsi çox çətindir.

Burda əsas problem insanın özünün fərqində olmadan bir ixtisas seçib, o sahədə təcrübə qazananadək o ixtisasa uyğun şəxsi keyfiyyətlərə malik olmadığını anlamamasıdır.

Fəqət insan əvvəl özünü tanıyıb, marağını cəlb edən işlər haqqında müəyyən bir təsəvvür formalaşdırdıqdan sonra, onun bütün potensialını ortaya çıxardan, uğurlu ola bilməsinə və özünü də gördüyü işdə xoşbəxt hiss etməsinə köməkçi olacaq bir ixtisas seçmək imkanına sahib olur. Başqa sözlə, düzgün ixtisas seçimi üçün sadəcə özünü tanımaq, iş öhdəliklərini araşdırmaq və yekunda düzgün şəxsi analiz apararaq özünü harda gördüyünü müəyyənləşdirmək lazımdır.